Qışda bizi gözləyən bəla - İnfeksionist insanlara səsləndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qışda bizi gözləyən bəla - İnfeksionist insanlara səsləndi

14:52 - 20 / 09 / 2021
Qışda bizi gözləyən bəla - İnfeksionist insanlara səsləndi

Xəbər veridiyimiz kimi, koronavirusun ölkəmizdə də müşahidə olunan "Delta" ştammı sürətlə yayılmasına görə digər viruslardan öndədir.

1news.az xəbər verir ki, İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin İcraçı Direktoru Jenny Harris əsasən ağ ciyərləri sıradan çıxaran bu növ infeksiyanı hazırda daha da yaxından izlədiklərini deyir.

Elə müsahibimiz, həkim-infeksionist Vüqar Cavadzadə də 1news.az-a faktı təsdiqlədi:

“Hazırda ölkəmizdə koronavirusun delta variantı yayılmaqda davam edir. Delta variantı cavanlar arasında daha çox ağciyərlərin geniş həcmli zədələnməsi ilə müşahidə edilir. KT müayinəsində ağciyərlərin 70-80, hətta 90% zədələnməsi aşkar edilir. Delta variantı cavan şəxlərdə yüksək hərarətlə davam edir, hətta xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmdə zədələnir. Deyim ki, son həftələrdə cavan şəxslərin daha tez ağırlaşmasını müşahidə edirəm”.

Həkim onu da əlavə etdi ki, ümumilikdə havaların soyuması ilə əlaqədar olaraq immun sistemi zəifləyir və nəticədə də virusun yayılma qabiliyyəti artır:

“Covid-19 infeksiyasının artımı fəsilə görə dəyişmir, yəni, bu mövsümi xəstəlik deyil. Koronavirus ilboyu müşahidə edilən xəstəliklər sırasına daxildir. Düzdür, hazırda infeksiya azalmağa doğru getsə də, soyuq aylarda infeksiyanın artması gözlənilir. Çünki soyuqla əlaqədar insanların qapalı məklanlara yığılması infeskiyanın artmasına şərait yaradır. Bundan başqa qeyd etdiyim kimi, qışda biz nə qədər meyvə-tərəvəzə üstünlük versək də, təzə olmadığından vitamin dəyəri aşağı düşür. Bu da immun sistemimizin aşağı düşməsinə səbəb olur. Nəticədə də məlum epidemiya daha da artır”.

Aytən Sakitqızı

Paylaş:
321

Son xəbərlər

Bütün xəbərlər