Fikrət Sadıxov Şuşaya səfəri haqqında: Azərbaycan xalqı bundan sonra da heç kimə öz torpaqlarında ağalıq etməyə imkan verməyəcək – FOTO
Müəllif: politoloq, diplomat, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov
Doğma torpağa toxunmağın bəxş etdiyi sevinc, son dərəcə mürəkkəb şəraitdə bu torpaqları azad etmiş şəxslərə görə qürur, hazırda azad edilmiş ərazilərdə görülən böyük işlərə görə heyranlıq – məhz bu hisslər hər birimizin, xüsusilə də əcdadları bu torpaqda dəfn olunmuş bir şəxsin qəlbinə hakim kəsilməyə bilməz.
Ərazilər deyirəm, çünki Şuşaya gedərkən bir qrup ekspert həmkarımla birlikdə şəhər ətrafında aparılan genişmiqyaslı tikinti və bərpa işlərini, xüsusi təyinatlılarımızın şəhərə gedən yolda aşdıqları dağları, Zəfərimizin şərəfinə adlandırılmış yolu müşahidə etdik. Bakıdan gələn ilk reysi müşahidə etdiyimiz Füzuli hava limanı da adamı valeh edir.
Əcdadlarımın Şuşadakı evini və qəbirlərini görmək mənə nəsib olmadı, çünki səfərimizin qrafiki son dərəcə sıx və dolğun idi. Belə ki, Gövhər Ağa məscidinə, Xalça muzeyinə, Təsviri İncəsənət muzeyinə səfər etmək, yerli sakinlər və burada xidmət keçən hərbçilərlə görüşmək, Ermənistanın Baş naziri Paşinyanın bir müddət öncə içkili halda rəqs etdiyi Cıdır düzündə olmaq lazım idi.
Şuşa Bəyannaməsinin imzalandığı məkan, görkəmli şairə Xurşudbanu Natəvanın erməni vandalları tərəfindən dağıdılmış evinin divarları xüsusi təsir bağışladı.
Həm də Şuşada o qədər dəyişikliklər baş verib ki, əcdadlarımın evini axtarmaq xeyli vaxt aparardı. Qaldığımız “Xarı Bülbül” oteli də şəhərin memarlıq ansamblına çox gözəl uyuşur. Oxucuları əmin etmək istərdim ki, bu otel dizaynı və komfortu baxımından Avropanın bir çox otellərindən heç də geri qalmır. Bu məqamda səfərin baş tutma təşəbbüskarı olan və bu baxımdan köməklik göstərən ölkə başçısının köməkçisi Anar Ələkbərova, onun əməkdaşı Nərmin Carçalovaya və Heydər Əliyev Fonduna xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Lakin əgər yalnız öz hiss və emosiyalarım barədə danışsam qorxuram emosiyalarım mənə regionda baş verən vacib geosiyasi və köklü dəyişiklikləri qiymətləndirməyə imkan verməyəcək. Halbuki söhbət çox böyük və əzəmətli dəyişikliklərdən gedir.
Burada onu da başa düşdüm ki, Azərbaycan xalqının indiki və gələcək nəsli bundan sonra heç kimə və heç zaman öz torpaqlarında ağalıq etməyə, öz ərazi bütövlüyünə qəsd etməyə imkan verməyəcək.
İndiki reallıqlarla əlaqəli daha bir vacib məqama diqqət yetirməliyəm. Azərbaycanda dəfələrlə rusiyalı sülhməramlıların öz vəzifə borclarına məsuliyyətsiz yanaşdığı hallara, xüsusilə də onların müvəqqəti yerləşdirilmiş olduğu bölgəyə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin daşınması, İrandan gələn yük maşınlarının Xankəndinə keçməsi kimi hallara rast gəlinib.
Əslində, bunu məsuliyyətsizlik adlandırmaq da çətindir. Rusiya sülhməramlılarının məsuliyyət zonasından bizim mövqeləri atəşə tutmaqla Ermənistan tərəfi qarşısına bir neçə məqsəd qoyub. Bunlardan biri dünyanın böyük ölkələrini bura cəlb etmək və Azərbaycanın öz ərazilərini azad etdikdən sonra onların necə “mürəkkəb vəziyyətə” düşdüklərini sübut etməkdir. Digər məqsəd bizimlə sülh müqaviləsinin imzalanmasını uzatmaq və sərhədlərin demarkasiyasını ləngitməkdir.
Əlbəttə ki, sülhməramlıların ermənilərin başına sığal çəkməsi vəziyyəti kəskinləşdirmək üçün əlavə imkanlar və yeni stimul yaradır. Ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya hərbi kontingenti sülhməramlıların əsas funksiyalarını unutmamalıdırlar. Onların əsas vəzifəsi bitərəflik və neytrallıqdır.
Sülhməramlıların daha bir az əhəmiyyət kəsb etməyən vəzifəsi onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirməmək üçün əlindən gələni etməkdir. Onlar torpaqlarımızda ona görə yerləşdirilməyiblər ki, Xankəndidə yaşayan ermənilərə ata qayğısı göstərsinlər. Hər halda sülhməramlı kontingent nə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti, nə də humanitar xeyriyyə missiyası deyil. Bunu başa düşmək bu qədərmi çətindir?!
Vəzifəmiz hər bir bu cür halı ciddi müzakirə predmetinə çevirmək və Rusiya tərəfinin diqqətinə çatdırmaqdır. Yeri gəlmişkən, bu istiqamətdə biz kifayət qədər operativ və dəqiq fəaliyyət göstəririk və bu işi bundan sonra daha aktiv şəkildə davam etdirmək lazımdır.
Bununla əlaqədar bu yaxınlarda Gorus-Qafan yolunda yaranmış vəziyyətə diqqət yetirmək istərdim. Axı baş verənlər bizim İranla mehriban qonşuluq münasibətlərimizə və İslam həmrəyliyi prinsiplərinə heç cür sığmır. Bəli, biz hər bir bu cür halla əlaqədar lazımi tədbirlər görür və adekvat reksiya veririk. Bununla əlaqədar, İran səfirinin Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə iki görüşünü nümunə göstərmək kifayətdir.
Bu məsələdə ən qəribəsi isə odur ki, cavab olaraq İranın Ermənistanla mehriban qonşuluq münasibətlərinin saxlanmasının vacibliyi haqqında məntiqsiz və anlaşılmaz bəyanatlar səsləndirilir. Əgər Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış ölkə ilə münasibətlər onlar üçün bu qədər əhəmiyyətlidirsə olsun. Lakin hazırda söhbət Azərbaycanın beynəlxalq şəkildə tanınmış ərazisi olan Xankəndiyə icazəsiz yüklərin, o cümlədən yanacağın daşınmasından gedir. Şübhə etmirəm ki, bu yanacaqdan özlərini “özünümüdafiə qüvvələri” adlandıran silahlı separatçı dəstələri də istifadə edirlər. İran axı bunu çox gözəl anlamalıdır. Sizin agentliyə verdiyim müsahibədə mən artıq demişəm ki, cavab olaraq, diplomatik praktikada qəbul edildiyi kimi Tehrandan səfiri müvəqqəti geri çağırmaq da olar.
Ermənistana gəlincə, Azərbaycan və Türkiyə dəfələrlə sülh təşəbbüsləri ilə çıxış etmiş və sülh əlini uzatmışlar, lakin rəsmi İrəvan hələlik ölkələrimizin xoş niyyətini anlamaq və dərk etmək iqtidarında deyil.
Radikal qüvvələrin millətçiliyi elə dərinə nüfuz edib ki, Paşinyan da bununla hesablaşmaq məcburiyyətindədir. Ermənistanın bir sıra partiyalarının proqramlarında isə indiyədək Azərbaycana və digər qonşu ölkələrə qarşı ərazi iddiaları yer almaqdadır.
Bəzi ölkələr isə indiyədək hansısa statusdan danışırlar və anlamırlar ki, qatar artıq gedib. Statusla nə olduğunu Azərbaycan Prezidenti İlham Əliyev bədii şəkildə çox gözəl ifadə edib və bunu daha yaxşı ifadə etmək mümkün deyil.
Bu səbəbdən yaxın perspektivdə hadisələrin gələcək inkişafı ilə bağlı proqnoz, təəssüf ki, ürəkaçan deyil. Lakin bu heç də o demək deyil ki, regionda sabit və təhlükəsiz vəziyyətin yaradılması ilə bağlı səylərimiz davam etdirilməyəcək.