Əsrin “dəbi”: İxtisası valideyn seçməlidir, yoxsa abituriyent? - Ekspertdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Əsrin “dəbi”: İxtisası valideyn seçməlidir, yoxsa abituriyent? - Ekspertdən AÇIQLAMA

10:54 - 22 / 09 / 2021
Əsrin “dəbi”: İxtisası valideyn seçməlidir, yoxsa abituriyent? - Ekspertdən AÇIQLAMA

Bu il Tibb universitetinə qəbul olunan Günel Alışova deyir ki, qarşıdakı illərdə təhsil alacağı ixtisas ürəyincə deyil.

Yeni tələbə adını qazanan həmsöhbətim bu barədə 1news.az-a danışdı.

“Təhsil alacağım ixtisası öz könlümün xoşu ilə seçməmişəm. Mən bu seçimi valideynlərim istəyi ilə etmişəm və imtina etməyi düşünürəm. Çünki mən hiss edirəm ki, gələcəkdə bu ixtisas üzrə peşəkar kadr olsam da, insanlara həvəssiz və könülsüz xidmət göstərəcəyəm”

Bəli, Günel həkim olmaq istəmir. O, kompüter elmləri üzrə mütəxəssis olmaq arzusundadır. Acı reallıqdır ki, bu gün ölkəmizdə valideyinlərinin təkidi ilə ixtisas seçimi edən, lakin bu ixtisasa yiyələnmək istəməyən neçə-neçə Günellər var. Bəs görəsən düzgün ixtisas seçimi necə aparılmalıdır, valideynlərlə, yoxsa valideynlərsiz?

Bu və ya digər suallarımızı ixtisas seçimi və karyera üzrə mütəxəssi Adil Vəliyev cavablandırdı.

Müsahibim bildirib ki, ölkəmizdə ixtisas seçimi anlayışı çox fərqlidir:

“Bizim üçün ixtisas seçimi 3 hissədən ibarət olur:
1-Əsas qüvvə olan valideynlərimizin istədiyi ixtisas.
2-Topladığımız bala uyğun olan ixtisas.
3-Çox az sayda olsa da hədəfləri olan abituriyentlərimizin seçdiyi ixtisas.

Əslində ixtisas seçimi 6-7-ci sinifdən etibarən aparılmalıdır. Belə ki, bu yaş qrupundan artıq övladlarımızın ilik, bacarıq, qabiliyyət və istəklərinə görə ixtisas qruplarını və ixtisaslarını müəyyən etmək olur. Bu zaman siz artıq 9-cu sinifdə oxuyarkən daha rahat şəkildə hədəflərinizə doğru irəliləyə biləcəksiniz. Fikrimcə abituriyentlərin az bal toplaması onların hədəflərini, qruplarını, ixtisaslarını dəqiqləşdirməməsindən irəli gəlir. Qarşında bir hədəfin olarsa, bu zaman sən ona çatmaq üçün daha çox çalışırsan, ancaq hədəfin olmazsa, sahəni, istiqamətini dəqiqləşdirmədiyin müddətdə heç bir uğurdan söz gedə bilməz”.

İxtisas seçimini həyatımızda ən önəmli qərar adlandıran ekspert hesab edir ki, bu addımı atan hər bir abituriyent ilk əvvəl istiqamətini dəqiqləşdirməlidir:

“Çünki ixtisasımız bizimlə istər tələbəlik zamanı istərsə də, məzun olduqdan sonra bir ömür həm yol yoldaşımız, həm də həyat yoldaşımız olur. Çox təəsüf ki ixtisas seçimi zamanı valideynlərimizin də üzərimizdə təsiri kifayət qədər çox olur. Onlar adətən pul və güc tələb edən ixtisaslarda təhsil almamızı istəyirlər. Başa düşüləndir ki, valideynlərimiz də ən az bizim qədər gələcəyimiz üçün maraqlanırlar. Ancaq seçəcəyimiz ixtisasda biz təhsil alacağıq, onlar deyil. İxtisas seçimi edərkən əmək bazarı doğru araşdırılmalıdır. Təbii ki, abituriyentlərin dərs, imtahan hazırlıqları olduğu üçün bu araşdırmalar biz mütəxəssislər tərəfindən aparılır və ehtiyac olunan məlumatlar da paylaşılır. Gələcəkdə diplomlu işsiz olmamaq üçün əmək bazarının tələbinə uyğun ixtisaslar seçilməli, dil bilikləri olmalı və hər zaman işinin mütəxəssisi olmaq üçün özünü inkişaf etdirməlisən”.

Aytən Sakitqızı

Paylaş:
805

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər