“Xalq ordusu, Prezidentin “dəmir” yumruğu və böyük zəfər - AÇIQLAMA

“Vətən müharibəsində biz qələbəni Ali Baş komandanın qətiyyətli dəmir yumruğunun gücü, Azərbaycan Ordusunun rəşadəti və Azərbaycan xalqının birlik vəhdəti ilə əldə etdik”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev İkinci Qarabağ müharibəsində Ordumuzun möhtəşəm qələbəsindən danışan zaman deyib:
“44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasına bir neçə aspektdən yanaşmaq olar. Bu müharibədə biz qələbəni Ali Baş komandanın qətiyyətli dəmir yumruğunun gücü, Azərbaycan Ordusunun rəşadəti və Azərbaycan xalqının birlik vəhdəti ilə əldə etdik. Xalqımız şəhadəti şərəf sayan bir xalqdır. Məhz bu müharibə dövründə heç vaxt onun dayandırılmasını istəməyən, ön və arxa cəbhədə birliyini layiqincə sübut edən Azərbaycan xalqı qələbə üçün əlindən gələni etməyə çalışdı”.
Azərbaycanın Ordusunun ermənilərin orduları haqqında yaratdığı mifi darmadağın etdiyini deyən deputat həmçinin bu müddət ərzində mənəvi olaraq bizi dəstəkləyən qardaş ölkələrə də təşəkkürünü bildirdi:
“İlk əvvəl deyim ki, müharibə dövründə və sonrakı mərhələdə Türkiyə, Pakistan kimi dövlətlər birmənalı olaraq Azərbaycanı mənəvi şəkildə dəstəklədilər və ölkəmizin qələbəsinə ürəkdən sevindilər. Birlik nümayiş etdirən bu dövlətlərə təşəkkür edirəm. Xüsusi olaraq qeyd edim ki, müasir texnika ilə silahlanmış, hibrit şəkildə müharibəni aparan, dağlıq və səhra şəraitində döyüşə bilən Azərbaycan ordusu mütərəqqi standartlara uyğun, yüksək kadr potensialına malikdir. Məhz bu göstəricilər deməyə əsas verir ki, ordumuz ermənilərin öz ordusu haqqında üşündükləri yüksək fikrin üzərindən xətt çəkdilər”.
A.Nağıyev ölkə başçısının dünyada məşhur olan jurnalitlərlə müsahibəsində onları savadı və faktlarla susdurmasından da danışdı:
“Cənab Prezidentin müharibə ərəfəsində verdiyi müsahibələr bütün dünyaya sübut etdi ki, biz haqq yolundayıq, bizim bir amalımız var ki, işğaldan azad olunmuş ərazilərimizə qələbə əzmi ilə daxil olaq və öz sərhədimizi bərpa edək. Buna nail də olduq. Ölkə başçısının 4 dildə müsahibəsi mühüm qələbə idi. Biz dünyaya göstərdik ki, illərlə BMT qətnamələrinin yerinə yetirilməməsinin səbəbi nədir və biz bunu hərbi yolla yerinə yetirdik.
Təəssüf ki, ATƏT-in Minsk qrupunun 30 illik ancaq deklarativ bəyanatlarla yadda qalan fəaliyyətini, biz öz gücümüzlə yerinə yetirdik. Öz sərhədlərimizə çıxdıq, müsəlman aləminin incisi olan Şuşa və digər rayonları işğaldan azad etdik. Biz bu gün tikinti quruculuq işləri ilə məşğuluq”.
Aytən Sakitqızı