İçərişəhərdə naxışlara toxunan tarix: Bakıda ilk Beynəlxalq Xalça Festivalı fəaliyyətə başlayıb | 1news.az | Xəbərlər
Mədəniyyət

İçərişəhərdə naxışlara toxunan tarix: Bakıda ilk Beynəlxalq Xalça Festivalı fəaliyyətə başlayıb

Qafar Ağayev15:53 - 03 / 05 / 2025
İçərişəhərdə naxışlara toxunan tarix: Bakıda ilk Beynəlxalq Xalça Festivalı fəaliyyətə başlayıb

İçərişəhər, Qoşa Qala meydanında Beynəlxalq Xalça Festivalının açılışı olub.

1news.az xəbər verir ki, festival “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Tatarıstan, Özbəkistan və bir çox digər ölkələrdən xalçaçılar, istehlakçılar, sənət adamları iştirak edirlər.

“İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud diqqətə çatdırıb ki, bu gün ilk Beynəlxalq Xalça Festivalının açılışı qeyd olunur.

“Bu, bir çox mədəniyyətləri qovuşduran, ənənəni və incəsənəti birləşdirən tədbirdir. Min illərlə tarixə şahidlik etmiş bu daş divarların olduğu məkanda xalça festivalının keçirilməsi xüsusi önəm daşıyır. Çünki İçərişəhərin küçələrin özü, daşları, keçidləri, binaları xalça naxışları kimi bir-biri ilə bağlı, harmonik və mənalıdır. Buranın ruhunda xalça var, bura xalçaçılığın yaddaşıdır. Xalça bizim üçün sadəcə bir sənət nümunəsi deyil. O bizim yaddaşımız, kimliyimiz və tariximizdir. Onun içində nənələrimizin duaları, analarımızın arzuları, ustadlarımızın sənətə olan sevgisi yaşayır. İçərişəhər xalçaçılıq sənətinə dərin kökləri ilə bağlıdır. Tarixən bu şəhər xalçaların ticarət mərkəzlərindən biri olub, yerli ustalar öz sənətlərini nəsildən-nəslə ötürərək nadir kompozisiyalar yaradıblar. Festivalımız dünyanın müxtəlif ölkələrindən gələn sənətkarları bir araya gətirərək xalçaçılıq irsini qorumaq və gələcək nəsillərə ötürmək üçün mühüm bir platforma yaradır. İnanıram ki, bu festival yalnız sənəti deyil, dostluq və əməkdaşlıq ruhunu da toxuyacaq”, - deyə o əlavə edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov bildirib ki, bu il festivalın coğrafiyası genişlənib: “Biz artıq ənənəvi olaraq mayın əvvəlində görüşürük. Çünki Prezident İlham Əliyev tərəfindən 2016-cı ildə imzalanan Sərəncama görə Azərbaycanda mayın 5-i Xalçaçı Günü kimi qeyd olunur. Çox şadıq ki, belə bir bayram ərəfəsində biz ənənəvi festival keçiririk. Ötən il Milli Xalça Festivalı təşkil etdik. O gözəl uğurun davamı olaraq bu il Beynəlxalq Xalça Festivalına start verdik. Festivala müxtəlif ölkələrdən qonaqlar dəvət olunub. Hər birinizi İçərişəhərdə maraqlı və zəngin proqramlı festival gözləyir”.

“Azərxalça”nın çox böyük təşkilat olduğunu deyən E. Məmmədov diqqətə çatdırıb ki, ölkə üzrə qurumun 14 emalatxanasında 500-dən çox toxucu fəaliyyət göstərir: ““Azərxalça”nın unikallığı ondadır ki, burada çalışanların 85 faizi kənd qadınlarıdır və tədbir iştirakçıları festival günlərində o toxucuların özləri və toxuduqları xalçalarla tanış ola biləcəklər”.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib ki, Azərbaycan xalçaçılıq sənəti əsrlər boyu dünya mədəniyyətinə öz töhfəsini verib: “Bu gün də həmin ənənələr davam etməkdədir. Festivalın təşkilində əməyi olanlara təşəkkür edirik”.

Sonra festivalın bədii proqramı təqdim olunub.

Festivalın əyləncə proqramının əsas hissəsini canlı tamaşa təşkil edib. Görkəmli yazıçımız Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" romanından götürülən hekayə xalçanın əhəmiyyətini ailə şərəfi və mədəni irsimizin simvolu olaraq bir daha hər kəsə göstərib. Əsər bədii rəhbər Nigar Həsənzadənin quruluşunda və Xalq artisti Pərviz Məmmədrzayevin pantomimasında səhnəyə gətirilib və böyük maraqla qarşılanıb.

Qeyd edək ki, bu gündən başlayaraq mayın 4-dək davam edəcək festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir. Buna görə də festivalın proqramı zəngin və rəngarəngliyi ilə bütün yaş qruplarından olan qonaqların maraqlarına xitab edir. Festival çərçivəsində ziyarətçiləri sehrli əyləncə proqramı, rəngarəng konsertlər silsiləsi, açıq hava kinoteatrı və yerli brendlərlə sənətkarların iştirak etdiyi müxtəlif yarmarkalar gözləyir.

Festivala baş çəkən hər bir kəsi “Azərxalça” ASC-nin ölkənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən 14 emalatxanadan dəvət olunmuş 28 toxucu qadın xalçaçılıq sirlərini bölüşüb, ustad dərslərinə qonaq ediblər.

Festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər