Kamaləddin Qafarov: “Azərbaycan-Çin əlaqələri yeni mərhələyə qədəm qoyur”

“Bu gün Azərbaycan-Çin əməkdaşlıq əlaqələri genişlənərək getdikcə daha çox strateji sahələri əhatə etməklə, istər qlobal sülh və sabitliyin qorunması baxımından, istərsə də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, bu əlaqələrin inkişafı, ilk növbədə, ölkələrimizin və xalqlarımızın milli maraqlarının təmin olunmasına hesablanıb.” Bütün bu və bir çox digər önəmli məqamlar Prezident İlham Əliyevin aprelin 25-də Çinin CGTN telekanalında yayımlanmış müsahibəsində öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, möhtərəm dövlət başçımızın cari ilin aprel ayının 23-24-də Çin Xalq Respublikasına etdiyi rəsmi dövlət səfəri çərçivəsində ölkələrimiz arasında münasibətləri daha yüksək səviyyəyə qaldıran və bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bu sənədlər arasında ən önəmlisi cənab Prezident İlham Əliyev ilə Sədr Si Cinpinin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dır. Bu sənəddə bir daha təsdiq olunur ki, ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir və ən əsası, bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirlər. Öz müsahibəsində bu məqama xüsusi toxunan Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyir. İmzalanmış Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çoxsaylı məsələləri əhatə edir. Beləliklə, sözügedən sənəd mahiyyət etibarı ilə son dərəcə əhəmiyyətlidir. Təsadüfi deyil ki, cənab Prezident Azərbaycanın bir çox ölkələrlə, o cümlədən bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzaladığını, lakin məhz Çin ilə imzalanmış Bəyanatın onların hamısından daha güclü olduğunu qeyd etdi.”
K. Qafarov cənab Prezident İlham Əliyevin Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin perspektivləri barədə səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib: “Cənab Prezident öz müsahibəsində son dərəcə mühüm məsələyə də münasibət bildirərək, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin daha da gücləndirilməsində maraqlı olduğunu qeyd etdi. Sədr Si Cinpin tərəfindən ŞƏT-in Zirvə toplantısına dəvət edildiyini və bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyini bildirən dövlət başçısı bu təşkilatla daha yaxın münasibətlərin bütün tərəflər üçün faydalı olacağını düşündüyünü diqqətə çatdırdı. Azərbaycan Xəzərin qərb sahilində yerləşən və eyni zamanda da güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Artıq bu faktın özü istənilən bir ölkənin və ya beynəlxalq təşkilatın Azərbaycanla əməkdaşlıq əlaqələri qurmaqda maraqlı olmasını şərtləndirir. Digər tərəfdən, Azərbaycan Çinlə strateji tərəfdaşdır və bu, ölkəmiz üçün Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında da əməkdaşlığı inkişaf etdirmək baxımından əlavə imkanlar açır”.