Memorial.az saytı - “Yaddaş kitabı”nın təqdimatı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Memorial.az saytı - “Yaddaş kitabı”nın təqdimatı keçirilib – FOTO

13:40 - 28 / 09 / 2021
Memorial.az saytı - “Yaddaş kitabı”nın təqdimatı keçirilib – FOTO

Bu gün Bakıda Vətən Müharibəsi şəhidlərinin xatirəsini daim xalqın qalibiyyət yaddaşında yaşatmaq və bu böyük, müqəddəs irsi davam etdirmək məqsədilə yaradılmış Memorial.az saytının - “Yaddaş kitabı”nın təqdimat mərasimi keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Memorial.az saytının baş redaktoru Vüsal Məmmədov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov, tanınmış media nümayənləri, şəhid ailələrinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova qeyd edib ki, 44 günlük Vətən müharibəsi yeni Azərbaycan dövlətinin və yeni Azərbaycan millətinin qanla və torpaqla yoğrulduğu epoxadır:

“Cənab Prezidentin qeyd etdiyi kimi “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh və milli ləyaqətin təntənəsidir. Bu ötən bir il ərzində biz yenilənmiş Azərbaycana daxildən və xaricdən baxışın fundamental dəyişməsinin, ölkəmizə və xalqımıza qarşı oturuşmuş stereotiplərin dağılmasının, dünyanın tamamilə yeni bir Azərbaycanı kəşf etməsinin şahidi olduq. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının BMT-nin 76-cı sessiyasındakı tarixi çıxışı XXI əsrin əsas paradiqmasına çevriləcək ümumbəşəri prinsip kimi ədalətə çağırışdır, hər bir azərbaycanlının düşündüyü və bütün dünyaya çatdırmaq istədiyi mesajdır. Ermənistanın münaqişə dövründə status-kvonu saxlamaq və işğalı möhkəmləndirmək, münaqişənin son 2 ili ərzində danışıqların formatını və mahiyyətini dəyişdirmək cəhdləri, ona qarşı sanksiyaların tətbiq edilməməsi və illər ərzində hökm sürən cəzasızlıq, 2020-ci ilin iyul-avqust aylarında törətdiyi təxribatlar 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yeni irimiqyaslı hücumu ilə nəticələndi.

Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, hərbi-siyasi yollarla 30 illik münaqişəni həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Münaqişə keçmişdə qaldı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi. Bu, yəqin ki, BMT-nin yarandığı vaxtdan bu günə qədər dünyada ilk belə haldır.



BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında ikili standartlara və selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.

Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır. 44 günlük Vətən müharibəsi XXI əsrdə dünya xalqlarının ədalətsizliyə qarşı ucalan ilk səsidir. Zəfərimizin sədasını hələ uzun müddət eşidəcəyik”.

S. Yusifova qeyd edib ki, bir xalq üçün onun yaddaş kitabının nəşr edilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi mühüm əhəmiyyət kəsb edir: “Şəhidlər mövzusu həmişə Azərbaycan xalqı üçün həssasdır. Memorial.az saytının yaradılmasında məqsəd pərakəndəliyi aradan qaldırmaq, hər bir şəhid haqqında məlumatları daha müfəssəl şəkildə çatdırmaqdır. Gələcəkdə Aprel döyüşləri və I Qarabağ müharibəsi şəhidləri haqqında da məlumatların burada yerləşdirilməsi nəzərdə tutulur”.

Layihənin rəhbəri Vüsal Məmmədov bildirib ki, Memorial.az saytı - “Yaddaş kitabı”nın yaradılmasında məqsəd şəhidlər haqqında məlumatları bir mərkəzdə sistemli şəkildə cəmləşdirməkdir:


“Hər bir media orqanları şəhidlərin ailələri ilə görüşüb, onlar haqqında materiallar hazırlayıb. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin öz əməkdaşları haqqında yaydığı məlumatlar var. Amma bunlarda pərakəndəlik var idi, xəttin davamiyyəti qırılırdı. Bir şəhid haqqında məlumat veriləndən sonra onun ailə üzvləri ilə bağlı informasiyalar qırılırdı. Məsələn, övladı məktəbə gedir, şəhidin adına park açılır və digər məlumatlar yayılır. Bunlar sujet halında davam etmirdi və boşluq var. idi. Bu boşluqları memorial .az saytında aradan qaldırmağa çalışdıq. Bu insanların həyatı sonsuza qədər davam edəcək və burada yazının son nöqtəsini qoymaq mümkün olmayacaq”.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxışında qeyd edib ki, Vətən müharibəsinin bir ili qarşısında Memorial.az-yaddaş kitabının yaradılması şəhidlərimizin müqəddəs əməllərini tarixiləşdirmək və gələcək nəsillərə ötürmək baxımından mühüm hadisədir:

“Həyatını Vətən uğrunda qurban verən 2907 şəhidin və itkin düşən 7 nəfərin sırasında polkovnikdən mükəlləfiyyətli əsgərə qədər xalqımızın seçilmiş övladlarıdır. Adları, təvəllüdləri, ulduzları fərqlidir, lakin hamısı bir bayrağın ulduzuna çevrilib Vətən üçün eyni mərtəbəyə yüksəliblər. Dünən Bakının baş meydanında Prezident İlham Əliyev və hörmətli Mehriban xanımın başı üzərində qaldırdığı şəhidlər göyün üstündə olduqlarını sübut etdilər.

Bəli, Azərbaycan xalqı çox minillik tarixində yeni dövlət və millət təqviminin birinci ilini qeyd edir. Qara haşiyəyə alınmış tarix və məğlubiyyət səhifələri artıq qapanıb, 27 sentyabr Anım günü ilə Zəfərin mövludu başlayıb”.

Z.Oruc vurğulayıb ki, min illərdir bir xalqa, mədəniyyətə, dilə və məsləkə malik olanların sırasından qurban gedənlərin hamısı dəyərlidir, unudulmazdır, ehtirama layiqdir:

“Gəlin bir daha vurğulayaq ki, son 30 ildə Şəhidlər Xiyabanı millətimizin təkcə azadlıq simvolu, əbədi ziyarət yeri deyil, həm də düşmənə qarşı mənəvi səfərbərlik və milli birlik ünvanı oldu. Ona görə Şəhidlər Xiyabanı həm də Zəfər Abidəsidir, çünki müqəddəs amalları və əməlləri qalib gəlib!

Biz döyüş meydanlarında canını verən oğulları anarkən, Gəncə və Bərdəyə, Tərtər və digər şəhərlərə vurulan zərbələrə sinə gərənləri də eyni ehtiramla anırıq. Min illərdir bir xalqa, mədəniyyətə, dilə və məsləkə malik olanların sırasından qurban gedənlərin hamısı dəyərlidir, unudulmazdır, ehtirama layiqdir. Qələbəmizin bir ili qarşısında hesabat verərkən, “Böyük Qayıdış”, “Böyük Quruculuq” və “Böyük Azərbaycan” idealını fərəhlə qeyd edirik. Əgər Qayıdış başlanırsa, bir daha o torpaqlardan millətimizi heç bir qüvvə çıxara bilməyəcək!”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib, onların üzləşdikləri problemlərin həlli istiqamətində görülən işləri diqqətə çatdırıb:

“Biz parlaq qələbəmizi qəhrəmanlara, şəhidlərə borcluyuq. Dövlət başçısının vurğuladığı kimi bizim tarixi qələbəmiz qürur mənbəyimizdir.

Post müharibə dövründə davamlı olaraq tədbirlər həyata keçirilir. Bunların bir qismi şəhid ailələrinə həsr olunur. Bu dövrdə 30 mindən çox dəstək, sosial müdafiə tədbirləri həyata keçirilib. Vətən müharibəsi şəhidlərinin ailələrinə və əlillərinə ilin sonuna kimi 3 min mənzilin və fərdi evin verilməsi nəzərdə tutulur ki, artıq 1600 nəfər mənzil və fərdi evlə təmin edilib. Ümumilikdə isə, Vətən müharibəsi şəhidlərinin ailələrinə və əlillərinə 11 min mənzilin verilməsi nəzərdə tutulur. İlin sonuna qədər Postmüharibə dövründə 142 hərbçi son nəsil yüksək texnologiyalı protezlərlə təmin edilib. 1500 qaziyə reabilitasiya xidmətləri göstərilib. “Məşğulluq marafonu” çərçivəsində 765 şəhid ailə üzvü işlə təmin olunub”.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov bildirib ki, ötən gün xalqımız Anım Günü keçirildi və qarşıda ölkəmizi “Zəfər günü” bayramı gözləyir:



“Azərbaycan xalqını bu günə kimi təqvimində belə bir tarix yox idi. Ali Baş Komandan ölkəmizin iqtisadiyyatını gücləndirdi, orduda islahatlar apardı, Ordumuzu ən müasir silahlarla təmin etdi və zamanı gələndə “İrəli” komandası verdi. Düşmən müharibə zamanı ballistik silahlardan tutmuş digər vasitələrlə bizə zərbələr endirdi. Ordumuz 44 gündə hər gün irəli gedib. Düşmən arxayın idi ki, yüksək hündürlüklər onlardadır və Azərbaycan Ordusu qalib gələ bilməyəcək. Onlar hətta düşünürdü ki, 2016-cı ilin aprelində Azərbaycanın işğaldan azad etdiyi əraziləri də geri ala biləcəklər. Amma ordumuz sədləri yardı, yüksəklikləri ələ keçirdi və qələbəni qazandı".

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bildirib ki, Aprel döyüşləri 26 ildən sonra Azərbaycan xalqının Vətən eşqi ilə yaşadığı, Qarabağa geri qayıtmağı bir an belə unutmadıları dünyaya sübut olundu:


“2016-ci il aprel döyüşlərindən sonra şəhid ailələrinə dəstək üçün birliyimizi yaratdıq. Mən deyirdim ki, inamım var və bir gün geri qayıdacayıq. Çünki gənclərin gözündə Vətən eşqini görürdüm. Nə xoş bu günə ki, biz artıq Qarabağa gedə bilirik. Bizə bu günü yaşatdığı üçün Azərbaycanın Qəhrəman Ordusuna minnətdarıq. Qəhrəmanlarımızı tanımaq və tanıtdırmaq hər birimizin mənəvi borcudur”.

B.Cahandarov

Paylaş:
324

Son xəbərlər

Bütün xəbərlər