Yenidən qapanmalar tətbiq olunacaq? – VACİB AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Yenidən qapanmalar tətbiq olunacaq? – VACİB AÇIQLAMA

16:40 - 29 / 10 / 2021
Yenidən qapanmalar tətbiq olunacaq? – VACİB AÇIQLAMA

Son günlər koronavirus infeksiyasına yoluxanların sayının artması insanları ciddi şəkildə narahat edir.

1news.az-ın məlumatına görə bu baxımdan əhali arasında həftəsonu karantin qaydalarının yenidən sərtləşəcəyi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqinin keçirilməsi barədə də məlumatlar yayılıb.

Bəs görəsən karantin qaydalarının yenidən sərtləşməsi doğrudurmu?

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar İskəndərov 1news.az-a açıqlamasında qeyd etdi ki, bu qərarın verilməsi birbaşa insanların karantin qaydalarına doğru-düzgün əməl etməsindən asılıdır.

“Bilirsiniz, ölkəmizdə pandemiya elan olunduqdan sonra bir neçə dəfə qapanmalar baş verib. Bu da təbii ki, vətəndaşlarımızın sağlamlığının qorunmasına hesablanıb. Gəlin etiraf edək ki, virusun yayımasının qarşısını almaq üçün Azərbaycan dövləti lazımi tədbirləri vaxtında etdi və edir də. Elə bu səbəbdən də Ümumdünya Səhiyyə Təşkilatı bizi koronavirusla mübarizədə nümunəvi ölkə kimi misal gətirir. Hazırda dünya ekspertləri peyvəndləmənin sürətli şəkildə aparılması, insanların könüllü olaraq 3-cü doza vaksinə cəlb olunmasını pandemiyadan yeganə çıxış yolu kimi göstərirlər. Təbii ki, bu dünyanı cənginə alan bəla olduğundan biz də bu qaydalara əməl etməliyik. O ki, qaldı karantin qaydalarının yenidən sərtləşəcəyinə, deyə bilərəm ki, bu birbaşa vətəndaşların məsuliyyətli olmalarından asılıdır. Çünki rəqəmlər artan dinamika ilə inkişaf edərsə, vəziyyət həqiqətən də arzuolunmaz hala gəlib çıxarsa, karantin qaydalarının yenidən sərtləşəcəyi ilə bağlı düşünməyə dəyər. Biz bunu arzulamasaq belə, bu baş verə bilər. Təsəvvür edin ki, karantinin sərtləşəcəyi ilə bağlı qərarın verilməsi heç bir dövlətə sərf etmir. İqtisadi baxımdan bu ancaq ziyan vurur. Amma və lakin dövlət vətəndaşın sağlamlığının hər şeydən vacib olduğunu düşünür. Ümid edirəm ki, rəqəmlər azalacaq və biz karantin qaydalarının yenidən sərtləşəcəyini görməyəcəyik. Onu da unutmayaq ki, doğmalarımızın, yaxınlarımızın və ilk növbədə öz sağlamlığımızın qorunması üçün karantin qaydalarına ciddi əməl etməliyik”.

Tibb eksperti, professor Adil Qeybulla da 1news.az-a açıqlamasında bildirdi ki, virusun yayılmasına səbəb insanların sıx təmasda olmasıdır:

"Bəli, dövlət yumşalmalara gedəndən sonra təmaslar intensivləşdi. Təhsil ocaqlarının açılmasını buna misal göstərə bilərik. Çünki qapalı məkanlarda virusa yoluxma riski daha böyükdür. Xüsusilə bu virusun mutasiyaya uğraması və yeni ştamların meydana gəlməsi riski Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıq havada tibbi maskadan istifadə etməklə bağlı tövsiyəsini zəruri edir. Eyni zamanda onu da qeyd edim ki, yoluxma rəqəmləri sürətlə artarsa, qapanmaların yenidən tətbiq olunması da qaçılmazdır. Yəni rəqəmlərin artmasından belə nəticəyə gəlmək olar ki, müəyyən məhdudiyyətlərin olması gözlənilir.

Düzdür, dəqiq qərarın nə olacağını deyə bilməsək də, görünən odur ki, təhsil yenidən onlayn rejimə keçə bilər. Bundan başqa epidemioloji vəziyyətdən asılı olaraq, açıq havada maskanın taxılması qaydası da səsləndirilən qərarlar sırasında ola bilər. Ümumilikdə deyə bilərəm ki, qəbul ediləcək qərarlar bizim xeyrimizə olacaq”.

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər