Bakıda insultla mübarizəyə həsr edilmiş elmi konfrans keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda insultla mübarizəyə həsr edilmiş elmi konfrans keçirilir

15:38 - 30 / 10 / 2021
Bakıda insultla mübarizəyə həsr edilmiş elmi konfrans keçirilir

Oktyabrın 29-da Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən “29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş "Neyrovaskulyar çatışmazlıq: İmkanlar və Gələcək Perspektivlər" mövzusunda Onlayn Elmi Konfrans öz işinə başlayıb.

1news.az xəbər vrir ki, açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov “Ümumdünya İnsultla Mübarizə Günü”nün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çağırışına əsasən 2006-cı ildən etibarən qlobal miqaysda qeyd edilməyə başladığı ilə bağlı məlumat verib:

“Ümumiyyətlə statistikaya görə, hər il Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və bu halların 6,7 milyonu ölümlə nəticələnir. Rəqəmlər göstərir ki, insult keçirənlərin üçdə biri həyatını itirir, qalanları isə əlil olur. Nəticədə beyin insultu ömürlük əlilliyə səbəb olan xəstəlik kimi dünyada birinci yerdə durur. Eyni zamanda insult keçirmiş xəstələrin 31%-nə özlərinə qulluq üçün digər şəxslərin köməyi tələb olunur, 20%-i isə müstəqil şəkildə gəzə bilmirlər. Əvvəlki əmək fəaliyyətinə xəstələrin yalnız 20%-i qayıda bilir. Həmçinin insult ailə üzvlərinə müəyyən öhdəliklər yaradır və cəmiyyətə ağır sosial-iqtisadi yük olur”.

Neyrovaskulyar çatışmazlıqla bağlı vəziyyətə koronovirus pandemiyasının da öz təsirini göstərdiyini qeyd edən C.Məmmədov ölkəmizdə insultla mübarizə istiqamətində daha aktiv fəaliyyətlərin təşkilində hər kəsin öz rolunun, öz məsuliyyətinin olduğunu vurğulayıb. Məhz elə bu səbəbdən insultlu xəstələrlə birbaşa işləyən müvafiq mütəxəssislərin mövcud bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də yerli və beynəlxalq təcrübənin paylaşılması üçün konfransın pandemiya şəraitinə uyğun bir şəkildə təşkil edildiyni qeyd edən C.Məmmədov çıxışının sonunda dinləyiciləri sesiyalar zamanı aktiv olmağa səsləyib və Konfransın işini açıq elan edib.

Tədbirin rəsmi açılış hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov və Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Dilarə Xəlilova da müvafiq olaraq çıxış edərək mövzu ətrafından fikirlərini bildiriblər.

Rəsmi açılış hissəsindən sonra Dr.Rəşad Mahmudovun rəhbərliyi ilə “Neyrovaskulyar xəstəliklərdə anatomiya və ateroskleroz” panelinə start verilib. Yüksəkixtisaslı mütəxəssislər tərəfindən məruzələrin dinlənildiyi onlayn konfrans sual-cavab sesiyaları və müzakirələrlə davam edib.

300-dən çox həkimin iştirakı ilə öz işinə başlamış konfransın 2 gün ərzində davam etdirilməsi və ümumilikdə 4 paneldə 13 məruzənin dinlənilməsi nəzərdə tutulur.

Konfransın günün ikinci yarısında Respublika Diaqnostika Mərkəzinin İntervensional radiologiya və diaqnostika şöbəsinin müdiri Dr. Ahmet Memişin moderatorluğu ilə “Xronik və kəskin neyrovaskulyar çatışmazlıqda nevrolojik, cərrahi və endovaskulyar müalicə” paneli ilə davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanan tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 12 DTT balı qazanıb.

1news.az

Paylaş:
324

Son xəbərlər

Bütün xəbərlər