“Korrupsiya ilə mübarizə sahəsində işləri genişləndirmək nəzərdə tutulub” - Kamran Əliyev
Beynəlxaq Prokurorlar Assosiasiyası ilə cinayətkarlığın bütün sahələri üzrə əməkdaşlıq davam edir.
1news.az-ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası barədə təşkil olunan birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, korrupsiya ilə mübarizə sahəsində işləri gələcəkdə daha da genişləndirmək nəzərdə tutulub: “Hazırda bu istiqamətdə müzakirələr gedir”.
Mətbuat konfransında çıxış edən Türkiyə Baş prokuroru Bekir Şahin isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin üstünlüklərindən bəhs edib: " Türkiyə bir çox ölkələrlə əməkdaşlıq edir. Bu baxımdan prokurorlar arasında ünsiyyət qurulmalıdır və bununla da müsbət nəticələr əldə etmək mümkün ola bilər”.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilib.
Yüksək səviyyəli iclasa Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikalarının baş prokurorları və digər nümayəndələr qatılıblar. Tədbirdə, həmçinin iştirakçı dövlətlərin və Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.