Bakının “Somali”sində suya həsrət qalan sakinlərin problemi nə vaxt həll olunacaq? – “Azərsu” AÇIQLADI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının “Somali”sində suya həsrət qalan sakinlərin problemi nə vaxt həll olunacaq? – “Azərsu” AÇIQLADI

13:32 - 02 / 11 / 2021
Bakının “Somali”sində suya həsrət qalan sakinlərin problemi nə vaxt həll olunacaq? – “Azərsu” AÇIQLADI

Bəllidir ki, paytaxt Bakımızın bəzi rayonlarında bina evlərində yaşayan sakinlərin içməli suya olan tələbatı tam ödənilmədiyi üçün, onlar məcburiyyət qarşısında qalıb təhlükə mənbəyi olan su çənlərindən istifadə edirlər.

Baxmayaraq ki, bir neçə il öncə Azərsudan “Bakıda üstündə su çəni olan bir dənə də bina qalmayacaq” deyilmişdi. Amma və lakin bu proses bütün binaları əhatə etmədi. O cümlədən Xətai rayonunun General Əliağa Şıxlinski küçəsindəki binaları da.

Vətəndaşın çarəsizlikdən və susuzluqdan işlətməyə məcbur olduğu bu çənlər təkcə binaların görünüşünə xələl gətirmir, eyni zamanda onların çökməsinə də səbəb olan əsas amillərdəndir.

Hələ nəzərə alsaq ki, paytaxtın Xətai rayonu, General Əliağa Şıxlinski küçəsindəki binalar sürüşmə təhlükəsi ilə üz-üzədir. Bu yaxınlarda adıçəkilən küçədə yerləşən 15 nömrəli binanın qarşısında bir deyil, bir neçə dərin dərin çuxurun əmələ gəlməsi bunu deməyə əsas verir. 1news.az saytına göndərilən videodan da aydın görünür ki, məsələ olduqca ciddidir. Deyilən mənzərəni gözümüzlə görmək üçün hadisə baş verən əraziyə yollandıq. Məsələ deyildiyindən də artıq təhlükəli vəziyyətə gəlib çıxıb. Fotolardan da göründüyü kimi, yaranan çökəkliklər birbaşa binanın düz bünövrəsinin yanında əmələ gəlib. Bu, təbii ki, qarşıdakı günlərdə toxunacağımız ayrı mövzu. Keçək mətləbə. O mətləb ki, bina sakinlərinin haqlı narazılığına səbəb olub.

Ömrünün 40 ildən çoxunu orta məktəbdə müəlliməlik fəaliyyəti ilə məşğul olan 70 yaşı haqlamış Sədaqət İbrahimova ümum bina sakinləri adından danışaraq 1news.az-a bildirdi ki, binaya su elə saatlarda verir ki, verilməsə ondan yaxşıdır:

“Qızım, mən artıq 10 ildən yuxarıdır ki, bu binada yaşayıram. Aidiyyatı qurumlar dəfələrlə bizim su problemimizin həll olunacağı vədini verirlər. Amma 10 ildir bu məsələnin həll olunmaması, verilən vədin sadəcə elə vəd olaraq da, qaldığını bir daha sübut edir. Nəzərə alsaq ki, hazırda pandemiya şəraitindəyik və məlum virus gündə neçə can alır. O cümlədən bizim bildiyimiz və ÜST-ün məsləhət gördüyü “əllərini yu” ifadəsini biz hansı su ilə həyata keçirək?! Mənim üçün körpə nəvələrimin gigiyenası indiki pandemiya dövründə daha da vacibdir. Su səhər saat 7-dən 10-na, axşam saat 7-dən 10-n kimi verilir.Belə halda mən körpələri necə çimizdirməliyəm?.İşlətdiyim su çəni də artıq Sovet dönəmindən qalıb və ondaqn gələn su az qala damcı-damcı axır. Mən və bina sakinləri bu problemdən artıq bezmişik. Məsələyə baxılsa və indiki şəraitdə həllinin vacib olduğu nəzərə alınsa, çox şad olarıq. Biz neçənci əsrdə yaşayırıq ki, suyumuz da olmasın?!. Məgər bura Somalidirmi?”

Digər tərəfdən ən böyük problem isə məlum su çənlərinin böyük əksəriyyətinin liftlərin üzərində və ya yanında yerləşməsidir. Belə olan halda da su daşdıqda lift sistemini iflic vəziyyətə salır. Hətta 9 mərtəbəli yaşayış binasında bir gün liftin işləməməsi elə bu binanın 9-cu mərtəbəsində yaşayan iki ahıl qadının həyat şəraitini olduqca çətinləşdirir. Biri Sədaqət müəllimə olamaqa, onlar ayaqla qalxıb-enirlər.

Məlumdur ki, artıq bir neçə ildir "Azərsu" ASC fasiləsiz su təminatına keçib. Elə bu səbəbdən də bəzi yaşayış binalarının damında əhali tərəfindən məcburiyyətdən quraşdırılan su çənlərinin ləğv edilməsi qərara alınıb. Amma bu qərar görünür adıçəkilən ərazidən yan keçib. Onu da deyək ki, su çənlərinin qoyulması və sökülməsi Mənzil - Kommunal İstismar Sahələrinin səlahiyyətində olmasa da, təhlükəli vəziyyət yarandıqda, sakinlərin müraciəti əsasında həmin çənlər kəsilərək götürülür. Təbii ki, 24 saat daimi su olmayan yerdə su çənlərinin yığışdırılması da düzgün deyil.

Məsələ ilə bağlı cavabdeh qurum olan "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Mətbuat katibi 1news.az-ın sorğusuna cavab olaraq bildirdi ki,

“Azərsu” ASC hazırda Bakı şəhərində əhalinin 81.1 faizini fasiləsiz içməli su ilə təmin edir:

“Amma qalan 18.4 faiz sakin fasiləli şəkildə su alır. Səhər və axşam 4 saat, günün müəyyən hissələrində ümumulikdə 8 saat su alır. Həmin ərazidə biz əhalini fasiləli şəkildə su ilə təmin edə bilmirik. Bunun da səbəbi texniki imkanlarımızın olmamasıdır. Baxmayaraq ki, Xətai rayonunun bu gün yarıdan çoxu 24 saat fasiləsiz su ilə təmin olunur, amma sizin qeyd etdiyiniz əraziini, dediyim kimi texniki imkanlarımız olmadığından fasiləsiz su ilə təmin edə bilmirik. Adıçəkilən ərazi yüksək olduğundan, eyni zamanda əhali sıx yerləşdiyindən, anbar həcmləri az olduğundan və Sovet dövründə tikilən şəbəkənin bu günkü texniki tələblərə cavab vermədiyindən, biz orada fasiləsiz rejimə keçə bilmirik. Amma gələcəkdə planımız var ki, hər bir ərazidə əhalini 24 saat fasiləli su ilə təmin edək”.

Bəli, gələcəkdə, amma o gələcək nə vaxt gələcək bilinmir. Bilinən təkcə odur ki, hələ uzun müddət bina sakinləri bu problemlə birlikdə yaşamaq məcburiyyətində qalacaqlar. Görünən o ki, bu sevinci yaşamaq çox gec nəsib olacaq. O da ki, Allah nəsib etsə. Deməli, məsələ yuxardakına qalıb, yəni Allahın ümidinə. Allahdan da ümid kəsilməz deyiblər. Sakinlər də ümidlərini kəsmir, suları kəsilsə belə.

Aytən Sakitqızı

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər