Ərzaq və qeyri-ərzağın qiymətləri niyə artır? - Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

Son aylar ölkəmizdə xüsusilə yerli bazarda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin davamlı şəkildə artması insanlar arasında böyük narahatlıq doğurub.
1news.az-ın məlumatına görə hər gün bir məhsulun qiymətinin artması sosial medianın əsas müzakirə obyektinə çevrilib. Maraqlıdır, bəs görəsən ölkəmizdə qiymət artımının yaranmasının səbəbləri nədir? Bu proses nə vaxta kimi davam edəcək?
Məsələ ilə bağlı 1news.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bunun səbəblərini açıqladı:
“Bilirsiniz, ilin əvvəlindən istehlak bazarında qiymətlərdə artımların olacağı gözlənilən hal idi. Məsələn, yanacağın qiymətinin artması, o cümlədən kommunal xərclərin yuxarı səviyyəyə qaldırılması ilə bəlli oldu ki, qiymətlər artacaq. Hazırda mövcud qiymət artımının bir neçə səbəbləri var. Daxili istehsalın kifayət qədər olmaması, idxaldan aslılıq, aldığımız məhsulun istehsal edildiyi ölkələrdə maya dəyərinin artması artması nəticədə bizim də bazarlara öz təsirini göstərir. Digər bir səbəb pandemiyaya görə kifayət qədər iqtisadiyyatlara buraxılan trilyonlarla dollar vəsaitin sonda inflyasiyaya meyllərinin artmasıdır.”
İqtisadçı həmçinin bildirdi ki, hazırda bəzi məhsullar üzrə qiymət artımı 9-10-15%, bəzən də 20%-ə qədərdir:
"Statistik məlumatlardan göründüyü kimi, təzə tərəvəz idxalı 43,3 faiz, kartof idxalı 14,1 faiz, çay idxalı isə 4 faizə qədər artıb. İnsanların tələbatı artmayıb, deməli, yerli istehsalda və yaxud da yerli istehsalın bazarı təmin etməsində bir problem yaranıb ki, tələbat idxal məhsulları hesabına ödənməli olub. Qeyd etdiyim kimi, idxalçı ölkələrdə qiymət artımlarının qeydə alınması birbaşa idxal məhsullarının qiymətinə öz təsirini göstərir ”.
Qeyd edək ki, Prezident İlham Əliyevin ölkədəki qiymət artımının ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərdiyini nəzərə alaraq mütəmadi sərəncamlar imzalayır. Elə götürək bu ilin 16 oktyabrında imzalanan sərəncamı. Sərəncamda qeyd edilir:
“ Beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. Əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.
Bəli, sərəncamdan da göründüyü kimi hazıda ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir.