1news.az-ın müraciətindən sonra DİN araşdırmalara başladı: İtə atəş açanlar kimlərdir? - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

1news.az-ın müraciətindən sonra DİN araşdırmalara başladı: İtə atəş açanlar kimlərdir? - VİDEO

14:33 - 08 / 11 / 2021
1news.az-ın müraciətindən sonra DİN araşdırmalara başladı: İtə atəş açanlar kimlərdir? - VİDEO

Azərbaycanda iki nəfər şəxs itə qarşı amansız vəhşilik törədiblər.

1news.az xəbər verir ki, onlar pnevmatik silahdan itin gözünə atəş açaraq ona ciddi xəsarət yetiriblər. Məlumata görə hadisə Türkan bağları adalanan ərazidə, dəniz sahilində qeydə alınıb. Məlum məsələ ilə bağlı dərhal DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxladıq. Məhz 1news.az-ın məlumatından sonra DİN araşdırmalara başlayıb. Hazırda məlum hadisəni törədənlərin saxlanılaraq məsuliyətə cəlb edilməsi istiqamətində işlər aparılır. Ehsan Zahidov 1news.az-a məlumatında bildirdi ki, aparılan araşdırmalardan sonra nəticə ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Xatırladaq ki, bu barədə bloger Nigar Kərimova özünün "İnstagram" səhifəsində məlumat verib. O, qeyd edib ki, oğlu iti gəzintiyə çıxarıbmış:

“ Oğlum itimizi gəzintiyə çıxarmışdı. Şarik adlı it də onlarla idi. Bu zaman içirəsində iki nəfər olan 20 DR 934 nömrə nişanı olan maşın gəldi. Şarik də adəti üzrə onlara yaxınlaşdı. Çünki bura gələnlər ona tez-tez yeməyə nəsə verirlər. Lakin bu dəfə başqa cür oldu. Maşında oturanlardan biri pnevmatik silahla onun gözünə atəş açdı. Oğlum baş verənləri telefonu ilə çəkdi. Bunu görən avtomobildəkilər onun arxasınca düşərək “Sən bizi çəkdin?” deyə qışqırmağa başladılar. Xoşbəxtlikdən o, qaça bildi. Əgər tutsaydılar Allah bilir nə olacaqdı”.

N.Kərimovanın sözlərinə görə, hadisəni törədən şəxslər qardaşdırlar. Hər ikisi Dövlət Sərhəd Xidmətində işləyirlər. Qeyd edək ki, bizim DİN-ə təqdim etdiyimiz video və fotolarda hadisəni törədən şəxs və ya şəxslərin 20 DR 934 dövlət nömrə nişanlı avtomobillə ərazidən uzaqlaşdığı öz əksini tapıb. Məlumat üçün onu da deyək ki, İnzibati Xətalar Məcəlləsinin 274 –cü maddəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla, onların şikəst və ya tələf edilməsinə görə 500 manat məbləğində cərimə nəzərdə tutulur. Bu gün ölkəmizdə heyvanlara qarşı işgəncə törədən şəxslər məsuliyyətə cəlb edilsə də, cərimə olunsa da, bu onların daxilindəki qeyri-insani hisləri dəyişmir. Nə deyək, cərimələr nə qədər artırılsa da, hələ də cəmiyyətimizdə bəzi insanların heyvanlarla davranış qaydalarında dəyişiklik olmayınca, sözügedən hadisələrin sayı daha da artacaq. Nə qədər ki, ailələrdə heyvanlarla düzgün davranış qaydalarının valideynlər tərəfindən aşılanmadığı mərhəmətsiz uşaqlar böyüyürsə, bu qəddar davranışların təkrarlanması gözlənilən haldır.

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər