Vətən müharibəsində iştirak edən dənizçilərə həsr olunmuş kitab işıq üzü görüb - VİDEO
Əzəli və əbədi torpaqlarımızın yağı tapdağından xilas edilməsində cəsur, qorxmaz dənizçilərin də xidməti az olmadı. Vətən müharibəsi başlayanda əli silah tutan bütün dənizçilər ön cəbhəyə can atırdı.
1news.az xəbər verir ki, “Hər biri qəhrəmandır” kitabı da Vətən müharibəsi günlərində dənizçi geyimini əsgər və ya zabit forması ilə əvəz edən - müstəqil Azərbaycanın ərazi bütövlüyü üçün canından və qanından keçənlər və keçməyə hazır olan dənizçilər haqqındadır.
ASCO-nun İctimaiyyətlə əlaqələr departamenti tərəfindən hazırlanan “Hər biri qəhrəmandır” kitabı Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qələbə və şəhidlər haqqında dəyərli fikirləri ilə açılır.
“Ön söz əvəzi” adlı yazı Qələbənin dövlətimizin və xalqımızın taleyində oynadığı tarixi roldan, əzəli və əbədi torpaqlarımızın yağı tapdağından xilas edilməsinə cəsur, qorxmaz dənizçilərimizin könüllü qoşulmasından bəhs edir.
Kitabın ilk –“Vətən candan şirindir” bölməsində müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən 9 qəhrəman dənizçinin qısa, lakin çox şərəfli həyatı ilə tanış ola bilərsiniz.
Kitabın “Düşmənə qan udduran dənizçilər” bölməsində ASCO-da çalışan və 44 günlük haqq savaşımızda yağını yurdumuza soxulduğuna peşman edən, müqəddəs bayrağımızı eməni işğalından azad etdikləri yaşayış məskənlərimizdə iftixarla dalğalandıran igidlərimizin hünərindən söhbət açılır.
“Öncə Vətən!”-dedilər” bölməsində Azərbaycan Dövlət Dəniz Akademiyasının, ”Əvvəl Zəfər, sonra səfər!” bölməsində isə Azərbaycan Dənizçilik Kollecinin məzunları və ya bu təhsil ocaqlarında oxuyan igid gənclərimizlə yaxından tanış ola bilərsiniz.
Bir sözlə, Dənizçi şəhidlər, Dənizçi qazilər və Dənizçi müharibə iştirakçılarının həyat və döyüş yollarından bəhs edən “Hər biri qəhrəmandır” kitabı arzusunda olduğumuz Zəfəri ölümün gözünə dik baxmaq cəsarətləri ilə bizə ərmağan edən, bu Zəfərlə bizə başucalığı, Yurdumuza şərəf gətirən dənizçilərin şücaətini unutmamaq, gələcək nəslə çatdırmaq kimi xoş bir niyyətlə qələmə alınıb.