“Azərbaycanın bu Zirvə görüşündə təmsil olunması mühüm əhəmiyyət kəsb edir” - Siyasi şərhçi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyədə səfərdədir.
Dövlət başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasına səfərə gedib.
Bəllidir ki, Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Türkdilli dövlətləri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ökələrimizin qarşılıqlı səmərəli fəaliyyəti və əməkdaşlığının əsasını təşkil edir.
Mövzu ilə bağlı 1news.az-a danışan siyasi-şərhçi Xəyal Bəşirli bildirib ki, Türkdilli dövlətlərin əməkdaşlıq şurası 2010-cu ildə Türkiyədə yaradılması barədə qərar qəbul edilib.
“Bu şuraya üzv dövlətlər Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Avropa dövləti olan Macarıstan müşahidəçi dövlət qismində bu təşkilatda təmsil olunur. Ümumiyyətlə yarandığı dövrdən başlayaraq yəni 2010-cu ildən sora hər il müntəzəm olaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yəni, Türk Şurasının dövlət başçılarının Zirvə toplantıları keçirilir. Bu zirvə toplantısında 15 oktyabr 2019-cu ildə VII Zirvə görüşü toplantısı paytaxtımız Bakı şəhərində keçirilib.
Ümumiyyətlə mədəniyyət, tarix və etnik baxımından yaxın olan bu dövlətlərin hazırkı bu təşkilatı yaratmaqda məqsədi əlaqələri gücləndirmək, dünyada ümümi maraqlar istiqamətində münasibətləri inkişaf etdirmək və eyni zamanda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunması istiqamətində birgə addımlar atmaqdır. Bu çox önəmli təşkilatlardan biridir və Azərbaycanın bu kimi mötəbər və nüfuzlu təşkilatlarda təmsil olunması və beynəlxalq münasibətlərdəki uğurlu addımları nəticəsində 30 ilə yaxın bir müddət ərzində süni şəkildə yaradılmış keçmiş Qarabağ münaqişəsinin həllinə nail olduq. Məsələ sülh və danışıqlar yolu ilə həll olmasa da, öz gücümüzə həll etdik. Biz beynəlxalq münasibətlər zəminində əldə etdiyimiz o uğurlu nəticələrə əsasən həmin münaqişənin öz gücümüzlə həll edilməsinə hüquqi zəmin yaratdıq”.