“Anama heç nə demə, mən döyüşə gedirəm” - 19 yaşlı şəhidin son mesajı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Anama heç nə demə, mən döyüşə gedirəm” - 19 yaşlı şəhidin son mesajı - FOTO

11:38 - 12 / 11 / 2021
“Anama heç nə demə, mən döyüşə gedirəm” - 19 yaşlı şəhidin son mesajı - FOTO

II Qarabağ müharibəsinin 19 yaşlı qəhraman əsgəri, Şəhid İlqar Vüqar oğlu Bürcəliyev. Vətənin igid oğlu İlqar 2001-ci il martın 11-də Moskva şəhərində doğulub.

Ailənin ilk övladı olan İlqar Vətənə qayıtdıqdan sonra 2007-2009-cu illərdə Xırdalan şəhərinin 2 nömrəli tam orta məktəbində, 2009-2017-ci illərdə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində, 2017-2018-ci illərdə Gəncə şəhərinin 38 nömrəli tam orta məktəbində, 2018-ci ildə isə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində təhsil alıb.

İlqar Bürcəliyev 2014-2016-cı illərdə "Vətən" Futbol Klubunda, 2016-cı ildə "Kəpəz" FK-da, 2016-cı ildən isə "Zirə" FK-da çıxış edirdi. Yeniyetmələr arasında bir sıra uğurlara imza atıb. 2017-ci ildən 18 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində də çıxış edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. İlqar Bürcəliyev sentyabrın 28-də Talış döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
1news.az-a danışan şəhidin qardaşı Tamerlan Bürcəliyev deyib ki, İlqar futbolçu idi və onun ən böyük arzusu bu sahədə uğur qazanmaq idi.

"Bir dəfə onun gündəliyini açdım və orada qeyd etmişdi ki, “Əgər cəbhə bölgəsinə düşsəm, daha bir Mübariz də mən olacağam””.

Tamerlan onu da bildirib ki, İlqar sentyabrın 26-dan 27-nə keçən gecə bizə “Haqqınızı halal edin. Anama heç nə demə, mən döyüşə gedirəm”- mesajını yazdı. Səhəri atam onunla əlaqə saxladı və elə bu bizim İlqarla son danışığımız oldu.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Bürcəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər