“Torpaqlarımızı işğalçılardan təmizləməklə bərabər bir-birimizi də qoruyurduq”- Qazi Turan Muradov

II Qarabağ müharibəsi iştirakçısı, qazi Turan Xudat oğlu Muradov. Vətən müharibəsində ağır yaralandığı üçün “YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicə alaraq Vətənə sağlam şəkildə geri qayıdan qazilərimizdən biri.
1news.az-a müharibədə gördüklərini və Qələbə xəbərini necə almasından danışdı:
Müharibə başlayanda mən hərbi hissədə xidmətdə idim. Əmr verildi və müharibə başladı. Əsgər olduğum üçün hücuma keçmədim, ancaq müdafiəni təmin edirdim. Müharibə dönəmində mən Füzuli, Xocavənd istiqamətlərində olmuşam. Xocavəndə tam girə bilməsəm də, o istiqamətlərdə vuruşmuşam. Müharibənin 29-cu günü oktyabrın 25-i olduğum əraziyə minamyot düşməsi nəticəsində ağır yaralandım. Məni Bakıya hospitala gətirdilər. Müharibədə əsas məqsəd Prezidentimizin əmrinə əsasən ərazilərimizi düşməndən təmizləmək idi. Onu da deyim ki, müharibə hissələrindəki əsgər yoldaşlarımın da əsas məqsədi bir-birimizi qorumaq idi. Biz torpaqlarımızı işğalçılardan təmizlədikcə, bir-birimizi də qorumağı unutmurduq. Müharibə bitən vaxtı mən Bakıda hospitalda yatırdım. Noyabrın 8-də məlumat gəldi ki, müharibə artıq bitib və üçtərəfli bəyanat imzalanıb. O zaman sevinc hissi yaşadım. Yuxudan oyandım , yollara baxdım və hər yerdə Qələbə yürüşləri keçirilirdi. Biz Cənab Prezidentin “Dəmir yumruğunun” gücünə inanıb, daha da irəli getdik və bunu bacardıq. 30 illik həsrətə 44 gündə son qoyduq”