Kimə “Qazi” deyilə bilər? - Baş redaktorun qalmaqallı statusu cəmiyyəti iki cəbhəyə böldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Kimə “Qazi” deyilə bilər? - Baş redaktorun qalmaqallı statusu cəmiyyəti iki cəbhəyə böldü

15:51 - 16 / 11 / 2021
Kimə “Qazi” deyilə bilər? - Baş redaktorun qalmaqallı statusu cəmiyyəti iki cəbhəyə böldü

Xəbər verdiyimiz kimi, Zəfər Günü Dənizkənarı Milli Parkda təşkil edilən atəşfəşanlıq zamanı hərbi formada əsa ilə gəzən və fişəng səslərindən pis olaraq yerə əyilib qulaqlarını tutan şəxsin görüntüləri sosial şəbəkələrdə ildırım sürətilə yayılıb.

İnsanlar bu görüntüdən narahat olaraq sosial media hesablarında müxtəlif fikirlər yazıblar. Araşdırmalardan sonra həmin şəxsin Vətən müharibəsində iştirak etdiyi, lakin aktiv döyüşlərə qatılmadığı məlum olub. Hətta o da məlum olub ki, özünü qazi kimi təqdim edən bu şəxs torpaqlar işğaldan azad edildikdən sonra cəbhə xəttindən bir neçə kilometr aralıda xidmət edib.

Ümumiyyətlə, yaralanmayıb və ayağında heç bir problem yoxdur. Nəticədə də sosial medianı "çalxalayan" bu informasiya şəbəkə iştirakçılarını iki qrupa bölür: Bir qrup şəxs "qazi" sözünün müharibədə ancaq yaralanan şəxslərə verildiyini yazır, kimisi də bu statusun bütün müharibə iştirakçılarına şamil olunduğunu deyir. Onlardan biri də “AzVision”-un baş redaktoru, aparıcı Vüsal Məmmədovdur. Onun facebook hesabında yazdığı statusunu təqdim edirik:

“Azərbaycanda "qazi" anlayışı lap əvvəldən səhv istiqamətə yönəldildi. Qazi - "müharibədə yaralanmış şəxs" demək deyil; sən Vətənin uğrunda döyüşə gedib ölsən - şəhidsən, qalsan - qazi. Vəssalam. Yaralanmağın bura heç bir dəxli yoxdur. Misal kimi Qazi Mustafa Kamal Paşanı göstərə bilərəm. Məşhur "ya şəhid ol, ya qazi" çağırışının mənası o deyil ki, "ya canından keç, ya sağlamlığından"; o deməkdir ki, Vətənin uğrunda ya öl, ya qal. Ölsən şəhidsən, qalsan qazi. Qurtardı getdi. Azərbaycanda isə sosşəbin dərin populizmi və dayaz savadı ilə qazi - "müharibədə yaralanmış şəxs" mənasında işlənməyə başladı. Kökündən səhvdir! Döyüşdə iştirak edib, sağ qayıdan hər kəs qazidir. Qalanı təsadüfün işidir: kiməsə güllə dəyməyibsə, bu, onun "günahı" deyil, dəyə də bilərdi. Nə qədər ki çox gec deyil, bu terminoloji biabırçılığa son qoyub, "qazi" adını həqiqi sahiblərinə qaytarıb, əlavə olaraq, Vətən uğrunda sağlamlığından keçənləri ayırd etmək üçün daha uyğun bir termin tətbiq edilməlidir - məsələn, elə "veteran". Və ümumiyyətlə, ciddi işlərdə sosşəbin ağlı və ağzı ilə oturub-durmağın başını birdəfəlik buraxmaq lazımdır”.

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən baş redaktor bildirib ki, həm qazi, həm şəhid qəzavat adlanan müqəddəs müharibənin iştirakçılarıdılar:

“Əgər biz şəhid terminini qəbul etmişiksə, bu qəzavat müharibəsindən gəlir. Deməli, qazi terminini də adekvat qəbul etməliyik. Qazi qəzavata gedən şəxsdir. O ölə də bilər, sağ qala da. Bu onun seçimi deyil. Qazi o şəxsdir ki, o artıq həyatını amalına qurban verib. Əvvəlcədən razılaşıb ki, mən həyatımı Vətəndirsə Vətən, dindirsə din uğrunda qurban verməliyəm. Yəni, qəzavata qalxdığı məqsəd nədirsə, onun uğrunda öz həyatını qurban edib. Ölüm-dirim məsələsi bunun üçün təsadüfdür. Əgər getdiyi müharibədə ölərsə şəhid, qalsa qazi olacaq. Yaralana da bilər, bu yarası yüngül də, ağır da ola bilər. Heç yaralanmış da ola bilər. Bu onun seçimi deyil. Bu tesadüf işidir. Yeni, iki əsgərin yanına mərmi düşsə, birinə heç qəlpə dəyməsin, birinin ürəyinə dəysin, biri isə yüngül yaralansın. Bu artıq təsadüfün işidir və ona görə də bu məsələdə onlar arasında fərq qoymaq olmaz.

Bizdə isə savadı dayaz, populizmi dərin adamların dili ilə qazi sözü ancaq əlil olmuş , yaralanmış, şikəst olmuş insanlara şamil edilməyə başlandı. Bu artıq səhv idi. Biz müqəddəs müharibəyə çıxmış digər oğullarımızın haqqını pozuruq. Kimsə müharibəyə gedib aslan kimi döyüşübsə və ona güllə dəyməyibsə, bu onun günahı deyil. Güllə dəyənlə güllə dəyməyəni fərqləndirə bilmərik. Çünki onlar özləri özlərini fərqləndirməyiblər. Biz bunu belə qəbul etməliyik ki, bu artıq qazidir. Təsadüfən güllə dəyməyibsə, biz onun statusunu aşağı sala bilmərik. Əlavə olaraq yaralananlar isə canlarından da bir pay veriblər Vətənə. Onları fərqləndirmək üçün ayrı adda qoymaq olar, doğrudur. Ama qazi olmağına hamı qazidir. Yaralılara “Vətən müharibəsinin veteranı” deyəkmi, dəqiq bilmirəm. Mən burada həddimi aşıb təklif etmək istəmirəm. Bunu yəqin ki uyğun instansiyar, kimə aiddirsə onlar edə bilər. Amma qazi sözü müqəddəs müharibəyə qalxıb şəhid olmamış hər bir oğlana aiddir və onun haqqıdır!”.

Ümumiyyətlə qazi anlayışı nədir və qazi kimlərə deyilir? Sualımızı ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov cavablandırdı:

“Qazi bütün müharibələrdə olur. Qazi müharibədə iştirak edərək yaralanan şəxslərə deyilir. Bu qazilərin bir hissəsi xəsarət alandan sonra, yəni, müharibədə iştirakı ilə bağlı yaralanandan sonra öz sağlamlığını bərpa edirlər və bunlar da qazi sayılır. Digərləri isə nisbətən bərpa olunur, əlillik dərəcəsi alırlar və o qazilərə artıq qanunda nəzərdə tutulmuş şəkildə Qarabağ əlili, yaxud müharibə əlili kimi adlar verilir. Əmək qabiliyyətinin itirilməsi ilə bağlı 1-ci, 2-ci və 3-cü dərəcəli əlillik verilir. Bundan asılı olaraq qanunda nəzərdə tutulmuş təqaüd və ya digər imtiyazlar bunlara şamil olunur.

Hazırda Azərbaycanda Vətən müharibəsində iştirak edən qazilərimiz var ki, bu qazilər Azərbaycan cəmiyyəti üçün nümunədir. Azərbaycan cəmiyyəti bu qazilərə hörmət bəsləyir. Bizim qazilərimiz məhz doğurdan da Zəfər Qazisi kimi yaddaşa həkk olunublar”.

Paylaş:
1509

Son xəbərlər

Bütün xəbərlər