Bu il Sumqayıtda 425 nəfər narkotik alverçisi saxlanılıb – VİDEO
Bu ilin 10 ayı ərzində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 30 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, habelə 430 ədəd satışı qadağan olunan metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlə Nazirliyindən 1news.az-a verilən məlumata görə, qeyd edilən dövr ərzində Sumqayıt şəhərində narkotik vasitələrlə bağlı 171-i satış olmaqla 353 fakt aşkar edilib və ümumilikdə bu qanunsuz fəaliyyətlə məşğul olan 425 nəfər məsuliyyətə cəlb edilib. Sadalanan məlumatlar Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev tərəfindən şəhər ərazisində yerləşən 11 saylı tam orta məktəbdə narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbirində şagirdlərlə görüş zamanı səsələndirilib. Karantin qaydaları nəzərə alınmaqla keçirilən tədbirdə “Narkomaniyaya yox deyək” mövzusunda çıxış edən şəxslər narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkomaniyanın bir nəfərin yox ümumiyyətlə cəmiyyətin bəlası olduğunu qeyd ediblər. Son aylarda Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə məktəbin 9, 10 və 11-ci sinif şagirdləri məlumatlandırılıb, onlara sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmaq tövsiyyə edilib. Çıxışlar zamanı gənclərə daima diqqətli olmalarının, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə, polisə, habelə Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat vermələrinin vacib olduğu bildirilib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin Sumqayıt Dövlət Universitetində tələbələr üçün “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri də həyata keçirilib. Tədbir müstəqil həyata başlayan gəncləri insan alverinə qarşı mübarizə barədə məlumatlandırmaq, müəyyən olunmuş qaydalar, prosedur və şərtlərlə tanış etmək məqsədi daşıyıb. Tədbirdə çıxış edən şəxslər insan alverinin müasir dövrün aktual problemlərindən biri olduğunu qeyd ediblər. Bu sahədə görülən işlər, insan alverinin növləri, insan alverinə qarşı mübarizə yolları, təhlükəsiz sığınacaq xidmətləri və “ 152 Qaynar xətt” telefon xidməti barədə tələbələrə geniş məlumat veriblər.
Sonda tələbələrə insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici bukletlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Sumqayıt şəhərində yerləşən təhsil müəssisələrində “Narkomaniyaya yox deyək” və “İnsan alverinə qarşı mübarizə” mövzusundə maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək.