“Ölkəmizdən ixrac olunan məhsullarda uyğunsuzluq aşkarlanıb”-AQTA sədri

Qida Təhlükəsizliyi Agentliyinin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ilə aparılan danışıqlar nəticəsində Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı bir sıra maneələr aradan qaldırılıb".
1news.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyini sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında məlumat verib. Qeyd edib ki, əldə olunmuş razılığa əsasən, pomidor istehsalı təsərrüfatlarında ixrac icazəsinin alınması məqsədilə Rusiya tərəfindən aparılan videomonitorinqlər dayandırılır və cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə “Rosselxoznadzor”un ixrac icazəsi birbaşa AQTA-nın zəmanət məktubuna əsasən veriləcək. Həmçinin aşağı riskli bitkiçilik məhsulları müəyyən edilərək, Rusiyaya ixrac zamanı fitosanitar nəzarəti baxımından yaşıl dəhlizə salınması təmin olunacaq.
“Əldə edilən razılığa görə, cari il dekabr ayının 1-dən ixrac olunan bitkiçilik məhsullarının hər partiyasının virus və bakteriya mənşəli xəstəliklərə görə yoxlanılması dayandırılmaqla AQTA mütəxəssisləri tərəfindən təsərrüfatlarda həyata keçirilən monitorinqlər və ilkin laborator ekspertiza nəticələri yetərli hesab ediləcək. Bu, sahibkarların əlavə vaxt və vəsait itkisinin qarşısını alacaq. Aparılmış danışıqlar nəticəsində dəmir yolu vasitəsilə pomidor və alma məhsullarının daşınmasının 2022-ci il aprel ayının 1-dək uzadılmasına baxmayaraq, AQTA tərəfindən həyata keçirilən fitosanitar tədbirləri nəzərə alınaraq, həmin müddət Azərbaycan tərəfindən təqdim edilən zamanadək artırılacaq. Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin bitki mənşəli məhsulların beynəlxalq standartlara cavab verən konteynerlər vasitəsilə daşınmasını təmin etməyə imkan verəcək. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında sərhəddə müşahidə olunan sıxlığın aradan qaldırılması məqsədilə cari il dekabr ayının 1-nə qədər qurumların sədr müavinləri səviyyəsində Dağıstan Respublikasının “Yaraq-Kazmalar” keçid məntəqəsində görüşlər keçiriləcək”.
Qurumun sədri həmçinin bildiridi ki, Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı bir sıra maneələr aradan qaldırılıb:
"AQTA-nın Rusiya Federasiyasının müvafiq qurumu (Rosselxoznadzor) ilə birgə apardığı işlər nəticəsində ötən dövr ərzində 205 müəssisənin pomidor ixracına icazə verilib ki, onların 2021-ci il üzrə ixrac proqnozu 360133 ton təşkil edir. Həmçinin 70 müəssisənin alma ixracına icazə verilib ki, həmin müəssisələrin 2021-ci ildə ixrac proqnozu 153,397 ton təşkil edir. Görülən işlər çərçivəsində payız mövsümündə əkin aparan bütün pomidor müəssisələrində dəfələrlə monitorinqlər keçirilərək virusoloji müayinələr aparılmış, ancaq heç bir təsərrüfatda bu vaxtadək bitki mənşəli virus aşkarlanmayıb. Lakin bəzi təsərrüfatların ixrac olunan yük partiyasında Agentlik tərəfindən aparılan virusoloji müayinələr zamanı pepino mozaik və qonur qırışıqlıq virusu müəyyən edilib. Aşkar olunan uyğunsuzluqların araşdırılması zamanı təsərrüfatlarda virus aşkarlanmadığı halda, yük partiyalarında aşkarlanması ixrac olunan partiyaların başqa təsərrüfatlara məxsus olduğunu deməyə əsas verir”.
Qeyd edək ki, AQTA idxalda aşkarlanan uyğunsuzluqlarla bağlı müxtəlif ölkələrə 182 bildiriş göndərib. Həmin bildirişlərdən 125-i Rusiya (ərzaqlıq buğda – 98, ərzaqlıq qarğıdalı-6, toxumluq kartof- 21), 37-si İran (ərzaqlıq kartof- 36, toxumluq kartof -1), 15-i Gürcüstan (ərzaqlıq kartof- 5, toxumluq kartof - 10), 3-ü Türkiyə (tinglər-1, ərzaqlıq kartof -2), 1-i Ukrayna (günəbaxan toxumu), 1-i İspaniya Krallığına (pomidor toxumu) təqdim edilib.Həmçinin ölkəmizdən ixrac olunan məhsullarda aşkarlanan uyğunsuzluqlarla bağlı ümumilikdə 128 bildiriş daxil olub. Həmin bildirişlərdən 109-u Rusiya (pomidor - 71, şaftalı-16, armud- 4 nektarin-4, digər-14), 17-si Qazaxıstan (pomidor), 2-si Ukraynadan (taxta qablaşdırma materialı) göndərilib. Daxil olmuş bildirişlərlə bağlı dərhal araşdırmalar aparılmış və müvafiq tədbirlər görülüb.