Əhməd İsmayılov: “Media haqqında” Qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar deməkdir
“Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir. Bu layihə media sahəsində hüquqi normativ bazanın yaradılması və jurnalistlərin peşəkarlığının artırılmasını, digər mühüm məqamları özündə ehtiva edir".
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dekabrın 10-da Milli Məclisdə keçirilən iclasda bildirib.
"“Media haqqında” Qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir".
İcraçı direktor diqqətə çatdırıb ki, qanun qəbul edilməsində məqsəd daxili məhsulun keyfiyyətli hazırlanması, paylanması, ölkənin prinsiplərinə, dövrün tələblərinə uyğunlaşdırılmasıdır.
Qanun layihəsində bir çox məsələlərin əks olunduğunu qeyd edən Əhməd İsmayılov layihədə müəllif hüquqlarının qorunması ilə bağlı vacib müddəaların öz əksini tapdığını deyib. KİV-in hüquqlarının, fikir, söz azadlığının təmin edilməsi, bərabər imkanların yaradılması mühüm amillər kimi diqqət çəkir.
Media savadlılığının artırılması və media sahəsində çalışanlar üçün imtiyazların müəyyən edilməsi də qanun layihəsində yer alıb.