Nənənin nəvəsinin qaçırılması ilə bağlı iddiaları təsdiqini tapmayıb - DİN
Şirvan şəhər sakini Tamella Mustafayeva 2008-ci il təvəllüdlü nəvəsi A.A-nın narkotik istifadəçisi olan anası tərəfindən zorla Bakı şəhərinə aparılması, atalığı tərəfindən döyülməsi və polis tərəfindən şikayətə baxılmaması ilə bağlı sosial şəbəkələrdə iddialar səsləndirib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
“İddialar dərhal DİN-in nəzarətinə götürülməklə müvafiq araşdırmalar aparılıb, bütün təfərrüatları yoxlanılıb. Məlum olub ki, nənə əsəb-nevroloji xəstəlikdən əziyyət çəkir, müvafiq səhiyyə orqanında rəsmi qeydiyyatdadır. A.A-nın atalığı tərəfindən döyülməsi, ananın narkotik istifadəçisi olması ilə bağlı olan iddialar təsdiqini tapmayıb.
A.A-nın müvafiq polis bölməsində ananın iştirakı ilə izahatı alınıb. O, heç kim tərəfindən zorakılığa məruz qalmadığını, atalığını heç iki il müddətdən artıq olar ki, görmədiyini bildirib. Ana və qızı qeydiyyatda olduqları Şirvan şəhərinə qayıdıblar. Bu gün yenidən ailə əlaqə saxlanılıb, onları narahat edən hansısa neqativ halın olmadığını bildiriblər".