“Plov”un içində narkotik keçirənlər aşkarlandı - Gömrükdə əməliyyat
İrana "plov"un içərisində narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Bu barədə 1news.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda tranzit gömrük proseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "tütün" yükü aparan "DAF" markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Daha sonra nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması həyata keçirilib və bu zaman xidməti it avtomobilin kabinəsinin müxtəlif yerlərinə reaksiya verib.
Yoxlama zamanı avtomobilin kabinəsində, sürücü oturacağının üzlüyünün altında olan boşluqdan və qabda olan "plov" yeməyinin içərisində gömrük nəzarətindən gizlədilən 2 ədəd bükümdə, ümumi çəkisi 12.1 qram olan narkotik vasitə - tiryək aşkar edilib.