DİM II və III qrupda Vətən müharibəsinə dair məlumatların necə hazırlanacağına aydınlıq gətirib
Biologiya və tarix fənləri üzrə işçi qrupların iclası keçirilib.
Dövlət İmtahan Mərkəzindən 1news.az-a bildirilib ki, biologiya fənni üzrə işçi qrupun iclasında 2021-ci ildə keçirilən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş tapşırıqlar təhlil edilib. Tapşırıqların hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlil edilib. İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Tarix fənni üzrə işçi qrupun iclasında isə “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” adlı elmi-metodik məqalə müzakirə edilib. Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş mühüm məlumatlar yeni redaktədə nəzərə alınıb. İclasda iştirakçılar tərəfindən məqalə ilə bağlı bildirilən qeyd və təkliflər nəzərə alınıb.
Məqalə əvvəlcə DİM-in saytında yenilənəcək, daha sonra “Abituriyent” jurnalının 2-ci sayında yenidən dərc ediləcək. Məlumat üçün qeyd edilir ki, ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklərdə İkinci Qarabağ müharibəsi ilə bağlı ətraflı məlumat yoxdur. Ona görə də 2022-ci ildə II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında tarix fənnindən tapşırıqlar bu məqalə əsasında tərtib ediləcək.
İşçi qrupların növbəti iclası dekabrın 23-də olacaq.