Vətən müharibəsində yaralanmış 2500-ə yaxın hərbi qulluqçuya əlillik təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə işləri davam etdirir.
1news.az-a Nazirlikdən verilən məlumata görə, həmin hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, əlilliyinin qiymətləndirilməsi üçün sənədləşdirmə işləri yerinə yetirilir.
İlk mərhələdə Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edilir.
Yekun mərhələdə Agentlik əlilliyin qiymətləndirilməsini həyata keçirir.
Vətən müharibəsində yaralanmış 2500-ə yaxın hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem tərəfindən, proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin olunub.