Hamilələr COVİD-19 xəstəliyindən necə qorunmalıdırlar? – Həkim məsləhəti | 1news.az | Xəbərlər
Cəmiyyət

Hamilələr COVİD-19 xəstəliyindən necə qorunmalıdırlar? – Həkim məsləhəti

13:36 - 11 / 01 / 2022
Hamilələr COVİD-19 xəstəliyindən necə qorunmalıdırlar? – Həkim məsləhəti

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı “Həkim məsləhəti” rubrikasında “Hamilələr COVİD-19 xəstəliyindən necə qorunmalıdırlar?” sualını cavablandırıb.

Onun hamilə analar üçün COVİD-19 xəstəliyindən qorunmaqla bağlı tövsiyələrini təqdim edirik:

2019-cu ildə meydana çıxmış yeni növ COVID-19 infeksiyası son yüzilliyin ən önəmli sağlamlıq problemlərindən birinə çevrilib. COVID-19 infeksiyasına yoluxan xəstələrdə tənəffüs, hepatit, qastrointestinal və nevroloji ağırlaşmalar təzahür edir.

Hamiləlik vaxtı meydana gələn fizioloji dəyişikliklər səbəbilə immun sistemi qismən inaktivasiya olunur və ürək atımı və oksigen sərfiyyatı artır. Ağciyər tutumu isə uşaqlığın diafraqmanı yüksəltdiyinə görə azalır. Bundan başqa progesteronun da immun sistemi tormozlama təsiri var. Bu kimi səbəblər hamilələrin tənəffüs yolu infeksiyalarına daha da meyilli olduğunu göstərir.

Normal hamiləlik zamanı baş verən fizioloji və yüksək riskli hamiləliklərdəki metabolik və vaskulyar dəyişikliklər, COVID-19-un patogenezinə də təsir edə və ya xəstəliyin kliniki gedişatını şiddətləndirə bilər. Adətən hamilələr bu infeksiyanı yüngül və orta ağır olmaqla keçirirlər. Hərarət, öskürək, ürək bulanma və tənəffüs yetməzliyi ən çox rast gəlinən simptomlardandır. COVID-19 virusuna yoluxmuş analardan doğulan uşaqlarda COVID-19 virus test nəticəsi müsbət olmamışdır.

Bəs hamilələr COVİD-19 xəstəliyindən necə qorunmalıdır?

İlk öncə hamilələr tələb olunan gigiyena qaydalarına riayət etməli, səyahət planlarını ertələməli, əhalinin sıx olduğu yerlərdən uzaq olmalı və COVİD-19 virusuna yoluxmuş və ya şübhəli xəstə ilə təmasda olduqda ən qısa zamanda müayinə olunmalıdırlar.

Ümumdünya Səhiyyə Təşkilatı, Amerika Doğum və Ginekologiya Kolleci (ACOG) İNSARS-CoV-2 peyvəndlərini hamilələrə, süd verən analara və hamiləlik planlaşdıran qadınlara da tövsiyə edir.

ABŞ-da vaksinasiya olunmuş hamilələr arasında ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən aparılan tədqiqat nəticələrinə əsasən peyvəndlərin anadangəlmə anomaliya, dölün bətndaxili inkişaf ləngiməsi, vaxtından qabaq doğuş, düşük, yenidoğulmuşun ölümü və s. kimi ağırlaşmalara yol açmadığı təsdiqlənib. Əlavə olaraq anadakı anticisimlərin cift və ana südü vasitəsilə yenidoğulmuşa keçdiyini və bununla da körpədə passiv immunitetin əmələ gəldiyini qeyd etmək lazımdır.

1news.az

Paylaş:
935

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər