Ötən il qanunsuz ağac kəsməyə görə neçə cinayət işi açılıb?
Daxili işlər orqanları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, 2021-ci il ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qanunsuz ağac kəsmə faktı üzrə 85, balıq və başqa su heyvanlarını tutmağa görə 109, qanunsuz ovla bağlı isə 1 cinayət işi başlanılıb.
Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 938 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb ki, onlara tətbiq olunan cərimələr 42.020 manat təşkil edib.
Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlərini davam etdirib.
Ötən il ərzində keçirilən birgə tədbirlər zamanı Bakı şəhərində və Abşeron rayonu ərazisində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması) maddələrinin tələblərini pozan 23 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək barələrində müvafiq tədbirlər görülməklə 40.700 manat cərimə tətbiq edilib.
Şəhər, rayon polis orqanları tərəfindən ötən il ərzində həyata keçirilən tədbirlər nəticəsində isə İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozan 3191 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb ki, həmin şəxslərə tədbiq olunan cərimələr 157.880 manat təşkil edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.