Saxta əlillik təyin etməkdə şübhəli bilinən vəzifəli şəxslərin işləri məhkəməyə göndərildi
Vətəndaşlara əlillik dərəcələrinin verilməsi prosedurunu saxtalaşdıran komissiya üzvlərinin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a veriln məlumata görə, 2021-ci il ərzində müxtəlif tibb müəssisələrinin həkim məsləhət komissiyalarının üzvləri tərəfindən ayrı-ayrı şəxslərə müvafiq əlillik dərəcələrinin verilməsi məqsədi ilə təyin edilmiş diaqnozların saxtalaşdırılması faktları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işlərinin ibtidai istintaqı yekunlaşıb.
Həmin işlər üzrə aparılmış istintaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-in 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvləri Mehparə Məmmədova və Könül Sultanovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fəaliyyət göstərdikləri Komissiyaya müraciət etmiş şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada rəsmi elektron informasiya resursuna daxil etmələrinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən olunub.
Hər iki vəzifəli şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işləri aidiyyəti üzrə məhkəməyə göndərilib.