Azərbaycanda çay və çay məhsulları ilə əlaqədar dövlət standartı təsdiq edilib
Çay və çay məhsullarının istehsalı, saxlanması, daşınması və satışı sahəsindəki termin və tərifləri müəyyənləşdirən AZS 905:2021 “Çay və çay məhsulları. Terminlər və təriflər” adlı yeni dövlət standartı qəbul edilib.
İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, standartın layihəsi “Meyvəçilik, subtropik bitkilər və çayçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AzStand) tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni standart ilə müəyyən olunan terminlər çay və çay məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı istifadə ediləcək. Bununla yanaşı, qəbul olunan təriflərin bu sahədə olan bütün növ sənədləşmə və ədəbiyyatlarda işlənilməsi nəzərdə tutulub.