Tərbiyəçi bağçada uşağı döydü, araşdırma başlanıldı - VİDEO
Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə videogörüntülər yayılıb.
Belə ki, 2-3 yaşarası məsum körpənin qidanı ağzında saxlayarkən görüntüsünü çəkməyə cəhd edən zalım tərbiyəçi uşağın başına zərbə endirir.
Sözügedən görüntülər insanların narazılığına səbəb olub.
1news.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, xoşagəlməz hadisə bu həftə İsmayıllı rayonu 1 saylı körpələr evi-uşaq bağçasında baş verib.
Sözügedən bağçanın müdiri Abdullayeva Qalibə Əli qızıdır. O, 1989-cu ildən hadisənin baş verdiyi uşağ bağçasına rəhbərlik edir.
Tərbiyəçinin azyaşlının başına zərbə endirməsinə gəlincə, bu, qadının uşağın şəklini çəkdiyi an baş verib. Belə ki, tərbiyəçi göstəriş üçün şəkil çəkmək məqsədilə azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Uşaq da buna əməl etməyincə, tərbiyəçi onun başına zərbə endirib.
Maraqlıdır ki, uşağ bağçasının sosial şəbəkə hesablarında uşaqların ağzında yemək ikən çəkilmiş fotoları kifayət qədərdir. Azyaşlının döyülməsini əks etdirən görüntünün yayılmasından sonra, digər uşaqların da şəkillərinin çəkilməsi zamanı zorakılığa əl atılıb-atılmaması sual yaradır.
Məsələyə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında münasibət bildirib.
"Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı görüntü Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılır və nəticəsinə dair ictimaiyyətə qısa zamanda məlumat veriləcək", - nazirlik rəsmisi bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev isə bildirib ki, hazırda yayılan görüntülərin nə vaxt və hansı bağçada baş verməsi ilə bağlı araşdırma aparılır.
"Araşdırmanın nəticəsi barədə məlumat veriləcək", deyə qurum rəsmisi bildirib.
1news.az