Sabiq deputatın Bakıda ağacları qanunsuz kəsdirməsi ilə bağlı cinayət işi açılıb
Milli Məclisin sabiq deputatı, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları qanunsuz kəsdirməsi faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumat və vətəndaş müraciəti əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma başa çatıb.
Müəyyən edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında “Ştutqart” MMC-nin qanuni təmsilçisinin xüsusi mülkiyyətinə verilən qeyri-yaşayış təyinatlı torpaq sahəsində həmin şirkətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli 21 ədəd şam və sərv cinsli ağaclar qanunsuz kəsilərək götürülüb və bununla da külli miqdarda, yəni 11 min manat məbləğində ziyan dəyib.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
Xatırladaq ki, Nəriman Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Bir neçə gün əvvəl mətbuatda onun Bakıda 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşlara isə maaş verməməsi ilə bağlı məlumatlar yayılıb.