Avtobus reysinin açılması Şuşa üçün xüsusi əhəmiyyət daşıyır - Aydın Kərimov
Bakı-Şuşa avtobus reysinin açılması Şuşa üçün xüsusi əhəmiyyət daşıyır.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
A.Kərimov bildirib ki, Şuşanın azad olunduğu gündən bir ildən bir qədər çox vaxt keçib. "Bu dövr ərzində Prezident İlham Əliyevin tapşırığı və nəzarəti altında şəhərdə irimiqyaslı bərpa və quruculuq işlərinə başlanıb. Bunların sırasında tarixi-mədəni abidələrin bərpası, yeni məktəb, xəstəxana, müasir yaşayış kompleksinin inşasını xüsusi qeyd etmək olar", - xüsusi nümayəndə deyib.
Xüsusi nümayəndənin sözlərinə görə, Bakı-Şuşa avtobus reysinin İlk sərnişinləri mədəniyyət paytaxtı elan olunan Şuşa ilə əyani tanış ola biləcək, şəhərin dirçəlməsinin canlı şahidi olacaqlar. A.Kərimov səfər iştirakçılarına tövsiyə edib ki, müəyyən edilən marşrutdan çıxmasınlar:
"Məndə olan məlumata görə, aranızda əslən Şuşadan olanlar da var. Bu çox xoş oldu. Əgər istəyirsinizsə, sizə doğma olan yerlərə, məkanlara gedəsiniz, o zaman çəkinmədən bizim əməkdaşlara, yaxud polis əməkdaşlarına yaxınlaşıb istəyinizi bildirə bilərsiniz".
O, səfərin təşkil olunmasına görə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara təşəkkür edib.
Qeyd edək ki, bu gün Bakı-Şuşa reysi ilə hərəkət edən ilk sərnişin avtobusu Şuşa şəhərinə çatıbdır. Saat 13:00 radələrində şəhərə daxil olan və 44 sərnişin gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb. Qarşılanma mərasimində Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Şuşa Şəhəri Polis Şöbəsinin əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qarşılanma mərasimindən sonra ilk sərnişinlər Şuşa qalası, Bülbülün ev-muzeyi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.