Azərbaycanı davamlı inkişafa səsləyən formalaşmış gənclik | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanı davamlı inkişafa səsləyən formalaşmış gənclik

11:23 - 01 / 02 / 2022
Azərbaycanı davamlı inkişafa səsləyən formalaşmış gənclik

Azərbaycan Respublikası artıq 30 ildir ki, müstəqil olaraq müasir dünyada uğurla inkişaf edir. Azərbaycan gəncliyi daim ölkənin ictimai-siyasi həyatında lokomotiv rolunu oynayaraq dövlətçiliyin qurulması, möhkəmləndirilməsi və inkişafı mərhələsində öz bilik, bacarıqları ilə bu proseslərdə iştirak etməklə vətənə, dövlətə bağlılıqlarını, eləcə də vətənin qorunmasının hər zaman ali hədəf olduğunu bu uzun müddət ərzində mənimsəmişdir.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdə ən birinci görüşü məhz gənclərlə olmuşdur. Ümummilli Lider bu görüşdə gənclərə böyük ümid bəslədiyini, müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin qorunması üçün gənclərə arxayın olduğunu bildirmişdir.

Məhz bu görüşdən sonra Azərbaycanda gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi müəyyən olunaraq gənclər siyasətinin institutlaşdırılması istiqamətində ilk addımlar atılmış, Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə yaradılmış Gənclər və İdman Nazirliyi artıq gənclərin, dövlətin əsas resursu kimi, təlim-tərbiyyəsi, Vətənə xidmətini əhatə edən böyük strateji sənədlərin hazırlanmasına başladı, gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi.

Bu ardıcıllıqla Azərbaycanda ilk dəfə 1995-ci ildə ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının Milli Şurası yaradıldı və bu qurum Azərbaycanın bütün gənclər təşkilatlarını əhatə etməklə dövlətin hazırladığı sənədlərin hamısında gəncləri düşündürən məsələlərin yer almasını ortaya qoyurdu.

Onu da qeyd edim ki, həmin il Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Ulu Öndər Heydər Əliyevin gənclərə olan etimadı, inamının yüksəkliyi Azərbaycanda eyni zamanda Gənclər Gününün təsis olunması kimi tarixi günlə də yadda qalır. 1997-ci ilin fevral ayının 1-də Prezident sarayında gənclərlə Azərbaycan Gənclərinin I Forumunun bir illiyinə həsr olunmuş keçirilən görüşdə Ulu Öndər gənclərin müracitinə diqqətlə yanaşaraq 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixini Azərbaycan Gəncləri Günü elan edib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Keçən müddət ərzində Azərbaycan gəncliyi vətənpərvərlik, dövlətə sədaqət, intellekt, dünyagörüşü, habelə ictimai-siyasi məsələlərə fəal yanaşma baxımından çox yüksək səviyyədə inkişaf etmişdir. Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı qeyd etdiyi kimi, məhz müstəqillik dövründə yetişmiş bu Azərbaycan gəncliyi Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının geri alınmasnda öz canlarını fəda edib öz qanı bahasına şücaət nümayiş etdirmişdir. Azərbaycanın dövlətçilik tarixində Vətən uğrunda şəhidlik zirvəsinə ucalan bu gənclik müasir tarixdə şəhidlik adını qəhrəmanlıq səlnaməsi olaraq yaşadır. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Son illərdə Azərbaycan gəncliyi özünü eyni zamanda beynəlxalq platformalarda da yüksək səviyyədə təqdim etməyi bacarmışdır. Azərbaycanda Milli BMT Modeli (MUN) hərakatının yaradılması bilavasitə bilikli, savadlı Azərbaycan gəncliyi üçün bütün dünyanın mütərəqqi institut və təsisatlarına yol açmış, Sovetlər dönəmində belə mövcud olan könüllülük hərakatını müasir müstəqillik tariximizdə nəinki qoruyub saxlamış, onun ən yeni formada ölkənin inkişaf prosesində iştirakını təmin edə bilmişdir. Bir sıra mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vurğuladığı kimi könüllülərin yorulmaz, vətənpərvər, müasir çağırışlara cavab verən keyfiyyətlərinin yüksək olması ilə bağlı olmuş və bu hərakatı daha da canlandırmışdır. Artıq yüz minlərlə gənci əhatə edən könüllü ordusu Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişaf prosesində bundan sonra da yaxından iştirak edəcək.

Bu gün “2030 Gündəliyi”nin icrası Azərbaycan Hökumətinin prioritet istiqamətlərindən biridir və məhz bu sahədə də BMT baş katibinin gənclər üzrə xüsusi elçisi Jayathma Vickramanayakenin vurğuladığı kimi Azərbaycan gəncliyi və 4 ilə yaxın müddətdə fəaliyyət göstərən Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər artıq dünya dövlətləri üçün nümunə ola biləcək təsisata çevrilir ki, bu da Azərbaycan gəncliyinin dünyada Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, idmanının düzgün təbliğ olunmasında xüsusi yeri və rolu olduğunun göstəricisidir.

Məzahir Əfəndiyev,

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər