Yaqub Mahmudov İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü seçilib
AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü seçilib.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən 1news.az-a verilən məlumata görə, o, Azərbaycan-İtaliya əlaqələri tarixinin araşdırılmasına töhfələr verib.
Yaqub Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarıb. O, 1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bundan başqa, onun “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (həmmüəllif, Roma, 2014) və “Azərbaycan diplomatiyası” (Roma, 2015) kitabları italyan dilində nəşr olunub.
Xatırladaq ki, bundan əvvəl o, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Aytmatov Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib.