Qalib ölkənin vətənpərvər, məğrur gəncləri | 1news.az | Xəbərlər
Cəmiyyət

Qalib ölkənin vətənpərvər, məğrur gəncləri

17:10 - 02 / 02 / 2022
Qalib ölkənin vətənpərvər, məğrur gəncləri

Bu gün 2 fevral - Azərbaycan Gəncləri Günüdür. Keçən il olduğu kimi bu il də gənclərimiz bu günün təsis edilməsinin 25 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük sevinc və ruh yüksəkliyi ilə qeyd edirlər.

Əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Qeyd edək ki, həmin vaxtdan etibarən bu günün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.

Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.

Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvər ruhda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

“Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”, - deyən Prezident İlham Əliyev bu sözləri ilə gənclərə necə böyük dəyər verdiyini göstərib.

Öz növbəsində Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir, eyni zamanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atır.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərdilər, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Gənclər Günü ilə bağlı bildirib ki, ölkəmizdə gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldikdə ən birinci görüşü məhz gənclərlə olub. Ümummilli lider bu görüşdə gənclərə böyük ümid bəslədiyini, müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin qorunması üçün gənclərə arxayın olduğunu bildirib:

“Məhz bu görüşdən sonra Azərbaycanda gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi müəyyən olunaraq gənclər siyasətinin institutlaşdırılması istiqamətində ilk addımlar atıldı, ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə yaradılmış Gənclər və İdman Nazirliyi artıq gənclərin, dövlətin əsas resursu kimi, təlim-tərbiyəsi, Vətənə xidmətini əhatə edən böyük strateji sənədlərin hazırlanmasına başladı, gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi.

Bu ardıcıllıqla Azərbaycanda ilk dəfə 1995-ci ildə ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının Milli Şurası yaradıldı və bu qurum Azərbaycanın bütün gənclər təşkilatlarını əhatə etməklə dövlətin hazırladığı sənədlərin hamısında gəncləri düşündürən məsələlərin yer almasını ortaya qoydu.

Həmin il ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

M.Əfəndiyevin sözlərinə görə, keçən müddət ərzində Azərbaycan gəncliyi vətənpərvərlik, dövlətə sədaqət, intellekt, dünyagörüşü, habelə ictimai-siyasi məsələlərə fəal yanaşma baxımından çox yüksək səviyyədə inkişaf edib:

“Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı qeyd etdiyi kimi, məhz müstəqillik dövründə yetişmiş bu Azərbaycan gəncliyi Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının geri alınmasnda öz canlarını fəda edib öz qanı bahasına şücaət nümayiş etdirib. Azərbaycanın dövlətçilik tarixində Vətən uğrunda şəhidlik zirvəsinə ucalan bu gənclik müasir tarixdə şəhidlik adını qəhrəmanlıq səlnaməsi olaraq yaşadır”.

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin sözlərinə görə, Azərbaycan gəncliyinin müstəqilliyimizin bərpasından ötən 30 illik dövrdə keçdiyi inkişaf yolu təhlil edilərkən uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin qazanılmasında nümayiş etdirdikləri fədakarlıqlar, Vətən, torpaq sevgisi xüsusi qeyd edilir:

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyevin “Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır” tezisi gənclərimizin fəaliyyətinin əsas prinsipinə çevrildi, dövlətin onlara göstərdiyi inam və etimadı doğrultmaq üçün ölkə həyatının bütün sferalarında fəallıqlarını daha da artırdılar. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin ən fəal hissəsidir”.

V.Rəhimzadə qeyd edib ki, bugünkü yeni nəsil bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir, vətənpərvər, zamanın tələblərinə əməli işləri ilə cavab verməyə hər zaman hazır olduqlarını bildirirlər:

“Ölkəmizdə gənclərə dövlət quruculuğu işlərində daha çox üstünlük verilməsi yeni nəslə inam və etimaddan qaynaqlanır. Fəaliyyət göstərdikləri sahələrdə etimadı doğruldan, ictimai-siyasi fəallıqları ilə özlərini cəmiyyətə təqdim edən gənclərimiz bütün potensial imkanlarını nümayiş etdirirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqillik baxımından gənc ölkə olan Azərbaycanın əhalisinin xeyli hissəsini dinamik və fəal gənclər təşkil edir”.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan dövlətinin gənclərə inamı, etimadı 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizlə təsdiqləndi:

“30 illik torpaq həsrətinə son qoyan Azərbaycan Ordusunun sıralarında mətinlik göstərən gənclərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız öz sahiblərinə qayıtdı. Hərbi əməliyyatlar zamanı düşmənə ağır zərbə vuran, ermənilərin himayədarlarının dəstəyi əsasında yaratdıqları keçilməz istehkamlarını məharətlə yaran əsgər və zabitlərimiz torpaqlarımızı canları, qanları bahasına düşməndən azad etdilər.

Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Dövlət başçısı İlham Əliyevin sərəncamları ilə döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimizə Vətən Müharibəsi Qəhrəmanı adının verilməsi, müxtəlif orden və medallarla təltif olunmaları, onlara xüsusi imtiyazların verilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, avtomobillərlə təmin olunmaları dövlətin bu kateqoriyadan olanlara diqqət və qayğısı ilə yanaşı, Azərbaycan gəncinin Vətən, torpaq sevgisinin yüksək səviyyədə dəyərləndirilməsinin nümayişidir”.

1news.az

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər