Siqaret çəkənlərdə ürək xəstəliyi riski 50 %, insult riski isə 30% daha yüksəkdir – Həkim Məsləhəti

Siqaret çəkənlərin əksəriyyətinin tütünün sağlamlığa vurduğu ziyandan xəbərdar olmasına baxmayaraq, bir çoxları bu ziyanlı vərdişin öhdəsindən gələ bilmir. Çünki siqaret çəkmək, sadəcə, zərərli vərdiş deyil, Dünya Səhiyyə Təşkilatının (DST) xəstəliklərin beynəlxalq təsnifatına daxil etdiyi xəstəliyin - nikotin asılılığının zahiri təzahürüdür.
Dünyada hər on saniyədən bir tütündən ölüm halının baş verdiyini nəzərə alsaq, bu zərərli vərdişin necə dəhşətli bəla olduğunu təsəvvür etmək mümkündür.
Hər il fevralın 9-nun Ümumdünya Siqaretdən İmtina Gününün qeyd dilməsində də məqsəd insanları bu zərərli vərdişdən uzaqlaşdırmaq, sağlam həyatı təşviq etməkdir.
9 Fevral Ümumdünya Siqaretdən İmtina Günü çərçivəsində Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Samir Mustafayev siqaretin zərərləri barədə məlumat verib. Həmin məlumatı təqdim edirik:
Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb. Hər il dünyada 4 milyon, hər gün isə 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir. Təbii ki, siqaret qadınla kişi orqanizminə eyni dərəcədə ziyan vurur. Siqaret tüstüsündə 4 mindən çox zərərli maddə var. Gündə bir qutu siqaret çəkən insanın minlərlə dəfə tüstünü içə çəkmə hərəkəti etdiyini nəzərə alsaq, orqanizmə daxil olan zərərli kimyəvi maddələrin miqdarını asanlıqla anlamaq olar. Siqaret tüstüsündə olan əsas maddələr kokain və morfi qədər asıllıq yarada bilir.
Nikotin qanda oksigenin daşınmasına mane olan və ölümə yol açan maddədir. Nikotinə asılılıq insanları siqaret çəkməyə davam etdirir, lakin əsas ziyanı vuran siqaret tüstüsündəki qətrandır.
Araşdırmalar göstərir ki, gündə 1 dənə siqaret çəkənlərdə siqaret çəkməyənlərlə müqayisədə ürək xəstəliyi riski 50 %, insult riski isə 30% daha yüksəkdir. Siqaret çəkmənin ən ölümcül nəticəsi xərçəng yox, ürək-damar xəstəlikləridir. Bu siqaret çəkmədən nəticələnən erkən ölümlərin 48% təşkil edir.
1news.az