Azərbaycan İnsan Resursları Assosiasiyasına yeni sədr seçilib
Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) növbəti hesabat-seçki iclası keçirilib.
1news.az xəbər verir ki, tədbir 14 fevral 2022-ci ildə COVID-19 pandemiyası şəraitinə uyğun olaraq idarə heyəti üzvlərinin iştirakı ilə təşkil olunub.
Təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edən AİRA-nın İdarə Heyətinin üzvləri Azərbaycanda insan resursları sahəsində tətbiq edilən yeniliklər və Assosiasiyasının bu sahədəki rolunundan bəhs ediblər. Bildirilib ki, AİRA fəaliyyətə başladığı gündən indiyə qədər 50-ə yaxın layihə gerçəkləşdirib və həmin layihələrdə özəl və dövlət sektorunun əməkdaşları iştirak ediblər. Eləcə də ölkə xaricində fəaliyyət göstərən MERCER, MENTAL, PERYÖN kimi tanınmış insan resursları təşkilatları ilə əməkdaşlıq çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə üç böyük konfrans və masterklas baş tutub.
Həmçinin, COVİD-19 pandemiyası dönəmində AİRA-nın fəaliyyəti dayanmayıb, onlayn formatda görüş və layihələr icra edilib. Bu dövr ərzində HR Debat, HR Digital, HR trendlər, HR ensiklopediya, gənclərlə iş, könüllülük, insan resurslarının idarəedilməsi haqqında maarifləndirmə, xeyriyyə aksiyaları, əmək münasibətlərində mediasiyanın rolu, sosial çağırışlar, qadınların rolu adı altında bir çox tədbirlər və təlimlər uğurla reallaşdırılıb. Bunlardan əlavə 2021-ci ilin Azərbaycanda “Nizami ili” elan edilməsi ilə bağlı AİRA Nizami yaradıcılığından sitatlarla rəqəmsal media platformalarından vizual yayımlar verib, Nizaminin insanla bağlı fikirlərinə həsr edilmiş görüşlər keçirilib.
Sonra iclasın gündəliyinə uyğun olaraq Azərbaycan İnsan Resursları Assosiasiyasının İdarə Heyətinin yeni sədrinin seçilməsi məsələsinə baxılıb. Təşkilatın İdarə Heyətinin yekdil qərarı ilə Mahir Qarayev İdarə Heyətinin yeni sədri seçilib.
Göstərilən yüksək etimada görə Təşkilat üzvlərinə təşəkkürünü bildirən Mahir Qarayev insan resurslarının əhəmiyyətindən danışaraq təşkilatın gələcək hədəfləri istiqamətində səylə çalışacağını bildirib.
Yeni seçilmiş sədr Mahir Qarayev beynəlxalq CIPD sertifikatına və insan resursları sahəsi üzrə 10 ildən çox təcrübəyə malikdir. “Azərsun”, “SOCAR”, “OCEANEERİNG” kimi şirkətlərdə çalışıb, Azərbaycan İqtisad Universitetində insan resurslarının idarəedilməsi üzrə pedeqoji fəaliyyətlə məşquldur.
Qeyd edək ki, Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyi (AİRA) iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının inkişaf etdirilməsi məramı ilə İnsan resursları sahəsində fəaliyyət göstərən mütəxəssislərin təşəbbüsü və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1118-Q64-3669 nömrəli 28.09.2018-ci il tarixli qərarı ilə yaradılmışdır.