Səbaildə keçmiş məhkum “Kalaşnikov” markalı avtomat silahla saxlanılıb - FOTO

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rahim Şəfəqqətov saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 3 ədəd parton aşkar edilib. Saxlanılan şəxs ifadəsində yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsində odlu silah-sursat gizlətdiyini qeyd edəndən sonra həmin ünvana da baxış keçirilib.
Oradan isə Rahim Şəfəqqətova məxsus 1 ədəd atəşə yararlı “AK-74” markalı avtomat silah, 1 ədəd daraq və 2 ədəd parton aşkar olunaraq götürülüb. Rahim Şəfəqqətov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib.
9-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rahim Şəfəqqətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

