Ramiz Mehdiyevin istefası qəbul olundu – YENİLƏNİB
Bu gün, fevral ayınıın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı keçirilib.
AMEA Rəyasət Heyəti Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, o cümlədən AMEA Rəyasət Heyətinin üzvləri və Akademiyanın həqiqi üzvləri iştirak ediblər.
Yığıncaqda AMEA prezidenti, akademik Ramiz Mehdiyev çıxış edib. O, qeyd edib ki, Rəyasət Heyətinin fevral ayının 14-də baş tutan iclasında yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirib: “Məlum edirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət məktubu göndərərək uzun illər dövlət başçımızın rəhbərliyi ilə Administrasiyanın rəhbəri işlədiyim dövrdə və Akademiyanın prezidenti kimi fəaliyyətimdə mənə göstərdiyi yüksək etimada, diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirmişəm.
Bir məsələni xüsusi demək istərdim. Belə mürəkkəb regionda dövlətə başçılıq etmək böyük əzm, istedad, güclü iradə, yüksək siyasi bacarıq tələb edir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun bütün bu ali keyfiyyətləri özündə birləşdirən lideri var. Dərin minnətdarlıq hissi ilə deməyi özümə borc bilirəm ki, həm ulu öndər Heydər Əliyev, həm də hörmətli Prezidentimiz İlham Əliyev mənim əməyimə yüksək qiymət veriblər.
Mən bundan sonrakı həyatımı, bilik və təcrübəmi də Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin daha da inkişaf edib möhkəmləndirilməsinə, habelə elmi fəaliyyətə həsr edəcəyəm”.
Ramiz Mehdiyev çıxışında Akademiyanın dövlətimizin qüdrətinin artırılmasında daha fəal və yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib: “Ulu öndər Heydər Əliyevin vaxtında bəyan etdiyi kimi, Akademiyanı qoruyub saxlamaq və daha da inkişaf etdirmək lazımdır”.
Akademiya prezidenti çıxışının sonunda iki il dörd ay ərzində onunla birlikdə çalışmış Rəyasət Heyəti üzvlərinə, elmi-tədqiqat institutlarının kollektivlərinə, aparatın əməkdaşlarına təşəkkür edib.
Daha sonra Nizamnaməyə uyğun olaraq akademik Ramiz Mehdiyevin Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq Ramiz Mehdiyevin müraciəti qəbul olunub.
Qərar qəbul edildikdən sonra AMEA Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
12:16
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə qərar AMEA-nın ümumi yığıncağında qəbul olunub.
AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazıb.
12:06
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir.
1news.az-ın verdiyi xəbərə görə, Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunur.
Mövzu ilə əlaqədar oxuyun:
Ramiz Mehdiyevin köməkçisi 30 sutkalıq həbs edildi