Azərbaycanlılara qarşı cinayət törədən 306 erməni barəsində cinayət təqibi başlanıb

Respublika Hərbi Prokurorluğunda xalqımıza qarşı törədilmiş ağır cinayətlərin istintaqının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikası Cinayət və Cinayət Prosessual məcəllələrinin tələblərinə uyğun aparılmasını təmin etmək məqsədilə, habelə şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, araşdırılmalı olan xüsusatların sayının çoxluğu nəzərə alınaraq iş üzrə 5 əsas istiqamət müəyyən edilib.
1news.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Respublika Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev deyib.
O bildirib ki, həmin istiqamətlər üzrə ümumilikdə 306 şəxs müəyyən edilib, barələrində cinayət təqibi başlanılıb. Onların Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilərək axtarışlar elan olunub, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
1news.az