Bakının daha bir küçəsində yenidənqurma işləri davam edir - FOTO
Bakının Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi sahəsində tədbirlər həyata keçirilir. Həmin tədbirlər çərçivəsində rayonun H.Seyidzadə küçəsi 17 və 21 saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Rayon icra hakimiyyətindən 1news.az-a verilən məlumata görə, görülmüş işlər çərçivəsində binanın fasadı, dam örtüyü, yağış suları axıdan borular və navalçalar əsaslı təmir edilib, giriş qapıları və pəncərələri dəyişdirilib.
Hər iki binanın həyətinə asfalt örtüyü vurulub, tamet daşları, bordürlər döşənilib, sakinlərin asudə vaxtlarını səmərəli keçirilmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaq oyun elementləri quraşdırılıb.
Hazırda binaların həyətində yaşıllıq və torpaq işləri aparılır.