Bakıda tikilməkdə olan bina çöküb, bir neçə nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB
Baş Prokurorluq paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat yayıb.
Prokurorluqdan 1news.az-a daxil olan məlumatda bildirilib ki, "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Onların hər birinə ambulator tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılıblar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilmişdir. İctimaiyyətə əlavə məlumat veriləcək.
14:39
Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarından birinin çökməsi nəticəsində xəsarət alanların sayı açıqlanıb.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, ilkin məlumata görə, 4 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
14:06
Bakıda tikilməkdə olan bina çöküb, 2 nəfər xəsarət alıb.
Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.
İlkin məlumata görə, hadisə zamanı bir neçə şəxs xəsarət alıb.
Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
“Kristal Abşeron” şirkətindən "Report"a bildirilib ki, tikilməkdə olan texniki binanın konstruksiyasında dəyişiklik olduğundan tikilinin ikinci mərtəbəsi şirkət tərəfindən sökülərək uçurdulub: "Nəticədə iki nəfər yüngül xəsarət alıb".