Bakının seysmik mikrorayonlaşdırılması xəritəsi hazırlanır

Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması xəritəsi hazırlanır.
1news.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Bakı seysmik baxımdan mürəkkəb quruluşa malikdir: “Bu səbəbdən proses hazırda davam edir və uzunmüddətlidir. Bu proses 3-4 il davam edə bilər. Məsələn, Yasamal rayonunun bir tərəfi 6, bir tərəfi 7 bal gücündə zəlzələyə davamlı ola bilər. Bakı ərazisində olan bütün tikililərlə bağlı məlumatlar seysmik mikrorayonlaşdırılma xəritəsində öz əksini tapacaq”.
Qurban Yetirmişli deyib ki, prosesin gedişatında əvvəlcə Bakının ayrı-ayrı rayonlarının seysmik göstəriciləri müəyyən edilir.
O əlavə edib ki, bu zaman tikililərə verilən seysmik rəylər də nəzərə alınır.
1news.az