Azərbaycan koronavirus əleyhinə vaksinlərə nə qədər pul ayırıb?
2021-ci il ərzində COVID-19 əleyhinə effektiv vaksinlərin istehsalı məqsədilə yaradılmış “COVAX” təsisatına Azərbaycan Respublikası tərəfindən öhdəlikli satınalma müqaviləsi üzrə 2 milyon doza COVAX (GAVI) vaksininin alınması üçün ümumilikdə 47,4 mln. manat vəsait ödənilib.
1news.az xəbər verir ki, bu barədə hökumətin hesabatında qeyd olunub.
Bildirilib ki, bundan başqa, icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə Türkiyə Respublikasının “KEYMEN ILAÇ SANAYI VE TICARET A.Ş.” arasında müqavilə imzalanıb. Müqaviləyə əsasan Çin Xalq Respublikasının “Sinovak” Şirkətinin istehsal etdiyi və klinik sınaq mərhələlərini keçmiş COVID-19 vaksininin cəmi 9 mln. vaksin dozası əldə olunub.
Müqavilənin dəyəri 186,9 mln. manat təşkil edir.
Həmçinin, 1 mln. doza “AstraZeneca” vaksininin alınması üçün 1.75 mln. manat dəyərində, 300 min doza “Sputnik-V” vaksininin alınması üçün 4 mln. manat dəyərində müqavilələr bağlanılıb.