Avtomobili narkotik vasitənin təsiri altında idarə edən şəxs on gün müddətinə həbs olunub
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində hərəkətdə olan “VAZ-21074” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “Saxla” işarəsi veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan 1news.az-a bildiriblər ki, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran şəhər sakini Əfqan Əsədullayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından o, müvafiq tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən, Ə.Əsədullayevin narkotik vasitədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Əsədullayev 10 gün müddətinə inzibati qaydada həbs edilib.