Xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci - FOTO
Bakıdakı 268 nömrəli xüsusi məktəbdə Novruz bayramı münasibətilə tədbir keçirilib.
1news.az xəbər verir ki, Novruz bayramı ənənələrini nümayiş etdirən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, məktəbin rəhbərliyi, pedaqoji kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Seyfəddin Mustafayev bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruz münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan xalqının mənəvi dəyərlər sistemində bu bayramın özünəməxsus yeri olduğunu bildirib.
Tədbirdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva ölkəmizdə sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan danışıb. İdarə müdiri şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirdə şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş folklor nümunələrindən parçalar söyləyib, mahnılar səsləndirib və maraqlı səhnəciklər nümayiş etdiriblər.