İsmayıllıda qara tab gətirməyən evin talvarı çöküb – FOTO – VİDEO
İsmayıllıda yağan qar talvarı çökdürüb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə güclü qarın yağması nəticəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin qarşısındakı talvarın çökərək evin giriş hissəsini bağlaması və sakinlərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal çağırış ünvanına FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş Kazımov Əbülfəz Həsən oğluna məxsus fərdi yaşayış evinin qarşısındakı talvarın yağan qarın ağırlığına tab gətirməyərək çökməsi nəticəsində evin giriş-çıxışının bağlanması və evdə 2 nəfərin köməksiz vəziyyətdə qalması müəyyən edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif avadanlıqlardan istifadə olunmaqla fərdi yaşayış evinə bitişik tikilmiş ümumi sahəsi 35 kv.m olan talvar sökülərək evə giriş-çıxış bərpa olunub və evin sahibi və həyat yoldaşı xilas olunub.