Lənkəran və Sabirabadda əhaliyə ekoçantalar paylanılıb - FOTO
Novruz tətili günlərində Lənkəran şəhərində və Sabirabad rayonunda yerləşən marketlərdə əhaliyə ekoçantalar paylanılıb.
1news.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, keçirilən aksiyalarda ekokönüllülər alıcılara polietilen torbaların təbiətə, sağlamlığa ziyanı barədə məlumat verib və onlara ekoçantalar hədiyyə edib.
"Aksiyanın keçirilməsində məqsəd polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq, alternativ vasitə olan ekoçantaları təşviq edərək onlardan istifadəyə üstünlük verməkdir".
S.Məmmədovanın sözlərinə görə, plastik tullantıların ətraf mühitə zərərlərinin azaldılması istiqamətində ölkəmizdə qalınlığı 15 mikrona qədər olan plastik torbaların satışı, idxalı və istehsalı 1 yanvar 2021-ci il tarixindən tam qadağan edilib. 1 iyul tarixindən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı və satışı dayandırılıb.