DTX rəisi: “Heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz”
Ölkənin milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
1news.az-ın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən məlumatına görə, bunu DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
Əli Nağıyev tədbirdə çıxış edərək şəxsi heyəti və veteranları peşə bayramı münasibətilə təbrik edib. Mənalı ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr edərək şərəfli xidmət yolu keçən Ulu Öndər Heydər Əliyevin bu orqanların fəaliyyətinə verdiyi əvəzolunmaz töhfələrdən danışan Xidmət rəisi qeyd edib ki, Ümummilli Lider Azərbaycan xüsusi xidmət orqanlarının tarixində peşəkarlıq məktəbi yaradıb, sovet dövründə və müstəqillik illərində ölkəyə rəhbərliyi dövründə heç zaman bu orqanlardan diqqət və qayğısını əsirgəməyib.
General-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə yürüdülən uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızda təhlükəsizliyin etibarlı şəkildə qorunduğunu, müəyyən xarici dairələr və düşmən qüvvələr tərəfindən ölkəmizə yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının vaxtında və çevik alınması üçün müvafiq tədbirlərin davam etdirildiyini bildirilib və müasir dövrdə DTX-nin qarşısında duran əsas vəzifələr barədə məlumat verib.
Çıxışının sonunda general-polkovnik Əli Nağıyev əminliyini ifadə edərək deyib ki, heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz, ölkənin milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaq, ölkədə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcəkdir. Xidmət rəisi tərəfindən DTX-nin əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq ifadə edilmişdir.
Sonra təhlükəsizlik orqanlarının veteranı, Milli Məclisin deputatı Arzu Nağıyev söz alaraq təhlükəsizlik orqanları əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulamışdır. Natiq ötən əsrə ekskursiya edərək xüsusi xidmət orqanlarının təşəkkülündən danışmış, bu orqanların Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolunu xüsusi qeyd etmişdir.
Tədbirdə DTX-nin əməkdaşlarının dövlət təltifləri ilə mükafatlandırılması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı elan olunmuş, əməkdaşlara mükafatlar təqdim edilmişdir.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İctimai Televiziya və “Azərbaycanfilm” kinostudiyasının birgə hazırladığı DTX-nin əməkdaşlarının 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına verdikləri töhfələrə həsr edilmiş “Görünməyən qəhrəmanlar” adlı sənədli film nümayiş olunub.