Komitə sədri: Məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (QMKİDK) vətəndaşların qəbulu keçirilib.
Komitənin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, qəbulda Prezident İlham Əliyevin sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirdiyi vurğulanıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə xüsusi qayğı göstərdiyi diqqətə çatdırılıb.
Komitə sədri Rövşən Rzayev vətəndaşları fərdi qaydada qəbul edib. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda qayıdışa hazırlıqla bağlı verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha da sürətləndiriləcək. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcək.
Qəbulda 30-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.